ABŞ-də bir məhbusun azot qazı ilə edam edilməsi işgəncəyə bərabər ola bilər.
İnterpress.az-ın xəbərinə görə, bu barədə BMT-nin insan haqları üzrə ali komissarı Volker Türkün bəyanatında deyilir.
“Bu yeni və sınaqdan keçirilməmiş metodun işgəncə və ya qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara bərabər ola biləcəyi ilə bağlı ciddi narahatlıqlara baxmayaraq, Alabamada Kennet Yucin Smitin məhz bu üsulla edam edilməsindən təəssüflənirəm”, – bəyanatda qeyd olunub.
O, ölüm cəzasının fundamental yaşamaq hüququ ilə bir araya sığmadığını qeyd edib və bütün dövlətləri onun tətbiqinə moratorium qoymağa çağırıb.
Xatırladaq ki, daha əvvəl Alabama ştatının baş prokuroru 1988-ci ildə sifarişli qətlə görə məhkum edilmiş 58 yaşlı Kennet Yucin Smitin yeni üsulla edam edildiyini açıqlayıb. Belə bir ölüm cəzasının tətbiq edilməsinə ABŞ-nin üç ştatında icazə verilir. Bu edam zamanı məhkuma tənəffüs maskası vasitəsilə azot yeridilir ki, bu da hipoksiyaya və nəticədə ölümə səbəb olur.