COP29 Azərbaycana neft-qaz sektorundan metan emissiyalarının məhdudlaşdırılması və “təmiz enerji” keçidinin inkişafı kimi əsas qlobal təşəbbüsləri irəlilətmək üçün unikal imkan yaradır.
İnterpress.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Cozef Baydenin iyunun 4-də Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz – “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji – “Caspian Power” sərgilərinin açılış mərasiminin iştirakçılarına ünvanladığı məktubda bildirilib.
Məktubu ABŞ Dövlət Departamentinin Enerji Ehtiyatları Bürosunun çoxtərəfli enerji diplomatiyası üzrə baş müşaviri Harri Kemian oxuyub.
Xatırladaq ki, bu ilin noyabrında Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçiriləcək. Bu qərar 2023-cü il dekabrın 11-də BBƏ-nin Dubay şəhərində keçirilən COP28 plenar iclasında qəbul edilib. Tədbir çərçivəsində Azərbaycanın paytaxtı 70-80 minə yaxın xarici qonaq qəbul edəcək.