Litvalı sənədli film rejissoru Mantas Kvedaraviçyus Rusiyanın hücumu altında qalan Ukraynanın Mariupol şəhərində həlak olub.
İnterpress.az xəbər verir ki, Litvanın “15min” portalının məlumatına görə, rejissorun olduğu avtomobil raketlə vurulub. O, xəstəxanaya yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb.
Məsələ ilə bağlı rejissor Vitali Manski feysbuk hesabında bu sözləri yazıb:
“Dostumuz, litvalı sənədli film rejissoru Mantas Kvedaraviçyus bu gün (red. – aprelin 3-ü) Mariupolda əlində kamera bütün dünyaya qarşı bu murdar müharibədə öldürüldü. 2016-cı ildə Riqada “Artdocfest”də Mantasla sənədli filmin müharibədəki rolunu müzakirə edərkən çəkilən bir neçə foto tapdım. Mantas daha susur və düşünürdü…”.
Xatırladaq ki, bir müddət əvvəl ukraynalı fotoqraf, sənədli film rejissoru Maks Levin Kiyev yaxınlığında müharibə şəraitində iki güllə yarası alaraq həyatını itirib.
Qeyd edək ki, Mantas 2000-ci illərdə Çeçenistanda insanların oğurlanması və işgəncələrə məruz qalmasından bəhs edən “Bərzəx” sənədli filmini çəkib. Ekran işində 2009-cu ildə Çeçenistanda qətlə yetirilən hüquq müdafiəçisi Nataliya Estemirovadan bəhs edilir. Həmçinin rejissor Donbassdakı hərbi hadisələrdən bəhs edən “Mariupolis” (2016) filminin müəllifi olub. 2019-cu ildə onun kürdlər, ukraynalılar, yunanlar və sudanlılar arasında təcrid olunmuş təbəqələrin nümayəndələrinə həsr olunmuş “Parfenon” filmi nümayiş olunub. Filmin çəkilişləri Odessa, İstanbul və Afinada aparılıb.(axsam.az)