Epşteynin ölümü barədə sənəd o ölməzdən bir gün əvvəl hazır imiş.
İnterpress.az xəbər verir ki, bu barədə Epşteyn işi üzrə açıqlanan məxfi sənədlərə istinadən xarici KİV məlumat yayıb.
Milyarder Ceffri Epşteynin işi ilə bağlı yeni açıqlanan sənədlər arasında onun ölümünə dair maraqlı bir fakt aşkar edilib.
Məlum olub ki, maliyyəçinin ölümünə dair rəsmi federal bəyanatın qaralaması o ölü tapılmazdan bir gün əvvəl hazırlanıb.
Sözügedən sənəd 9 avqust 2019-cu il tarixinə aiddir, halbuki Epşteyn yalnız 10 avqust tarixində həbsxana kamerasında ölü tapılmışdı.
Nyu-Yorkun Cənub Dairəsi prokurorunun açıqlanan həmin qaralamasında deyilir:
“Bu gün səhər Manhetten İslah Mərkəzi, qurumumuz tərəfindən azyaşlıların cinsi alverində ittiham olunan Ceffri Epşteynin öz kamerasında huşsuz vəziyyətdə tapıldığını və qısa müddət sonra öldüyünü təsdiqləyib”.
Bəyanatın Epşteyn hələ sağ olduğu vaxtda hazırlanması onun müəmmalı ölümü ətrafındakı sui-qəsd nəzəriyyələrini və şübhələri yenidən alovlandırıb.
Xuraman Etibarlı
İnterpress.az






