27 fevral 2025-ci il tarixində Gənclərin İnkişaf və Karyera Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Peşəkarla dialoq” layihəsi çərçivəsində bp-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəylinin gənclərlə görüşü keçirilib.
“Biznes mühitində karyera və fərdi inkişaf” mövzusunda çıxış edən Bəxtiyar Aslanbəyli, görüşdə iştirak edən gənclərlə biznes sektorunda karyera imkanları, fərdi inkişaf yolları və peşəkar bacarıqların əhəmiyyəti ilə bağlı dəyərli məlumatlar bölüşüb.
Bəxtiyar Aslanbəyli biznes aləmində uğur qazanmağın vacib faktorları, gələcəyin peşələri, bp-nin gənclərin peşəkar inkişafını dəstəkləmək istiqamətində gördüyü işlər haqqında danışıb. O, öz karyera yolu və şəxsi təcrübələri ilə bölüşərək gənclərə dəyərli tövsiyələr verib.
Görüşdə interaktiv sual-cavab sessiyası keçirilib, gənclər bp rəsmisinə onları maraqlandıran mövzularda suallar ünvanlayıb və ətraflı cavablar alıblar.
“Peşəkarla dialoq” layihəsi gənclərin şəxsi və peşəkar inkişafını dəstəkləməyi, onları öz sahəsində uğur qazanmış peşəkarlarla bir araya gətirərək, peşəkar əlaqələrin qurulmasına və təcrübə qazanmalarına imkan yaratmağı hədəfləyir.