Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev Tbilisidə Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Mərkəzində 5 oktyabr – Beynəlxalq Müəllimlər Gününə həsr olunan tədbirdə iştirak edib.
“Gürcüstanda Azərbaycanlı Müəllimlər İttifaqı”nın təşkilatçılığı ilə baş tutan tədbir çərçivəsində azərbaycandilli məktəblərin 60-a yaxın müəllimi ilə görüş keçirilib. Səfir müəllimləri gül dəstələri ilə Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edərək şərəfli peşələrində onlara müvəffəqiyyətlər arzulayıb.
Mərasim çərçivəsində Marneuli şəhər 8 saylı ictimai məktəbin müəllimi, istedadlı rəssam Xəyalə Mustafayevanın 40-a yaxın rəsm əsəri sərgilənib. İstedadlı rəssam səfir Faiq Quliyevi sərgilənən əsərləri ilə yaxından tanış edib. Rəsmlərə baxış keçirən səfir hər bir əsəri yüksək qiymətləndirib, Xəyalə Mustafayeva kimi bacarıqlı rəssamın bir il ərzində ərsəyə gətirdiyi işləri ilə tanışlıqdan məmnunluğunu bildirib. Əsərlər arasında “Xarıbülbül” və “Dəmir yumruq” mövzusunda olan rəsmlər böyük maraqla qarşılanıb.
Sərgi ilə tanışlıqdan sonra müəllimlər qarşısında çıxış edən Faiq Quliyev tədbirin Beynəlxalq Müəllimlər Gününə təsadüf etməsini əlamətdar hadisə adlandırıb. O bildirib ki, bir il ərzində müxtəlif mövzulu bir-birindən rəngarəng və maraqlı əsərlərin yaradılması Xəyalə Mustafayevanın böyük iradə və bacarığa sahib olduğunu göstərir.
Müəllimlik peşəsinin şərəfli və məsuliyyətli olduğunu qeyd edən səfir hər bir müəllimin əməyinin hər zaman yüksək qiymətləndirildiyini, onların fədakarlığı və yorulmaz fəaliyyəti sayəsində təhsilli, əxlaqlı, maarifli vətəndaşların formalaşdığını deyib.
Faiq Quliyev Xəyalə Mustafayevanı sərgi münasibətilə təbrik edib, ona yeni-yeni yaradıcılıq uğurları diləyib. Səfir istedadlı soydaşımızın əsərlərinin Azərbaycanda, mədəniyyət paytaxtımız Şuşada sərgilənməsini, yeni-yeni sərgi salonlarında sənətsevərlərin qəlblərini fəth etməyi arzulayıb.
Səfir Gürcüstandakı azərbaycanlıların mədəniyyət sahəsindəki layihələrinə hər zaman dəstəyin göstərildiyini vurğulayıb, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıqlarına əsasən soydaşlarımızın qayğılarının daim diqqət mərkəzində saxlanıldığını bildirib.
Faiq Quliyev sərginin təşkilinə göstərilən dəstəyə görə Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin direktoru Leyla Əliyevaya xüsusi təşəkkürlərini çatdırıb, onun mədəniyyətimiz, incəsənətimiz, milli-mənəvi dəyərlərimizin təbliğindəki böyük xidmətlərini xüsusilə vurğulayıb.
Xəyalə Mustafayeva sərginin ərsəyə gəlməsində əməyi keçən hər kəsə minnətdarlığını bildirib, Azərbaycan səfirliyi və şəxsən Faiq Quliyevin sərgiyə göstərdiyi diqqətdən razılıq ifadə edib.
Görüşün sonunda səfir müəllimlərlə söhbət edib, azərbaycandilli tədrisin vəziyyəti ilə maraqlanıb, fikir mübadiləsi aparılıb. Müəllimlər peşə bayramlarında onlara göstərilən diqqətə görə təşəkkürlərini bildiriblər.