“İranın Azərbaycanla bağlı mövqeyinin necə olduğu son dövrlərdə bizə qarşı atdığı addımlardan da aydın şəkildə görünməkdədir. İranın sərhədlərimizdə qırıcılarla uçuşlar həyata keçirməsi, sərhəd boyu hərbi təlimlərdə öz ağıllarınca “mesajlar” verməsi, ölkəmizin gəncliyini, gələcəyini hədəf alan və ardıcıl surətdə həyata keçirdikləri narkotrafik və narkobiznes layihələri, Azərbaycan Respublikasına yönəlmiş açıq təhdid ritorikası, Azərbaycan dövlətini İranla əlaqələrə yenidən nəzər yetirməyə vadar edir”.
Bu fikirləri “İnterpress.az”a açıqlamasında Türkiyədə yaşayan ictimai fəal, jurnalist Natiq Çıraqzadə bildirib.
İctimai fəal qeyd edib ki, İran rejiminin dayaqları sarsıldıqca, xarici siyasət menecmentini də itirir:
“Fars-molla rejimi, yürütdüyü çirkin siyasətlə regionda və dünyada küncə sıxışdırıldıqca, sivil dünyanın tənqid və qınaq obyektinə çevrildikcə, öz xarici siyasət menecmentini də itirir. Bunlar hələ də, dərk etmirlər ki, Cənubi Qafqazda heç bir siyasi balans Azərbaycanın iştirakı olmadan ciddi və uğurlu nəticələr doğura bilməz. Əlavə olaraq, bizi qurduğumuz sağlam əməkdaşlıqlara görə tənqid də edirlər. Bəli, bu gün Azərbaycanla İsrail arasında əhəmiyyətli strateji əməkdaşlıq, geniş tərəfdaşlıq platformaları var. Öz maraqlarımız çərçivəsində də, bölgəmiz üçün İsrailin mənafelərini hər zaman nəzərə alırıq. Çünki, İsrail özünü bizim “din qardaşı”mız adlandırıb Təl-Əvivdə, 30-40 min erməniyə ana dillərində məktəb açıb, 50 milyona yaxın Azərbaycan türkünün öz dilində ifadə azadlığını boğmayıb. Yaxud, 30 ilə yaxın dövr ərzində tarixi Azərbaycan torpaqlarının vəhşicəsinə talan edilməsinə göz yuman da, azərbaycanlıların evlərinin daşının, qumunun, taxtasının öz bazarlarında satılmasına səsini çıxarmayan da məhz İrandaki fars rejimidir”.
Natiq Çıraqzadə bildirib ki, Azərbaycan dövləti və onun Silahlı Qüvvələri haqqında böhtan xarakterli açıqlamalar verən İranın Xarici İşlər Nazirliyi molla rejiminin riyakar siyasətinin icraçısıdır:
“Azərbaycan Respublikası, rəşadətli Azərbaycan Ordusu barəsində şər və böhtandan ibarət açıqlamalar vermək, İran XİN-in molla rejiminin iyrənc və riyakar xarici siyasət xəttinin icraçısı olduğunu sübut edir. İran dövləti, onun siyasi və hərbi rəhbərliyi bölgə üçün öz xülyalarında ssenarilər qurmazdan öncə, Azərbaycan reallığını da nəzərə alsınlar. Unutmasınlar ki, böhtan atdıqları Azərbaycan Ordusu yerindədir və bizi sonuncu dəfə təhdid edən ölkənin rəhbərliyi (Ermənistan), Azərbaycan Silahlı Qüvvələrinin rəşadəti hesabına 44 gün sonra kapitulyasiya aktını gizlənərək imzalamağa məcbur olmuşdu”.