İranda neft kəmərinə hücum edilməsi barədə məlumatlar təkzib edilib.
İnterpress.az xəbər verir ki, bu barədə “ISNA” agentliyi rəsmi mənbələrə istinadən məlumat yayıb.
İran hakimiyyəti ölkənin Xuzistan əyalətində neft kəmərinə hücum edilməsi ilə bağlı yayılan xəbərləri yalanlayıb.
Rəsmi məlumatda qeyd olunur ki, əyalətdəki bütün neft kəmərləri ştat rejimində, heç bir fasilə və nasazlıq olmadan fəaliyyətini davam etdirir.
Bundan əvvəl “Iran International” telekanalı İranın qərbində, Xuzistan əyalətinin Əhvaz şəhərində neft kəmərində partlayış baş verdiyi və nəticədə güclü yanğın başladığı barədə məlumat yaymışdı.
Rəsmi Tehran bu iddiaların həqiqəti əks etdirmədiyini bildirib.
Xuraman Etibarlı
İnterpress.az






