Tikinti sektorunda illərdir fəaliyyət göstərən “UPSİLON” MMC şirkəti məktəblər, parklar, ofislər və bir sıra dövlət əhəmiyyətli tikinti layihələrinin tikintisini həyata keçirən şirkət kimi tanınır. Lakin son zamanlar bu şirkətin adı maliyyə fırıldağlarında, vergidən yayınmada, işçilərə qarşı dələduzluqda və s.-də hallanır.
Şikayət və iddialara görə, “Upsilon” şirkətinin həqiqi və iç üzü tədricən üzə çıxmağa başlayıb.
“Upsilon” MMC-nin təsisçisi İlkin Məmmədovdur. Onun İmişlidən olduğu bildirilir.
Şirkət rabitə işlərinin görülməsi üçün “Azinvest Telecom Technology” QSC şirkətindən milyonlarla avans pul alıb. Lakin bu dövlət vəsaitinin hara xərclənməsinin məlum olmadığı iddia edilir.
Belə ki, “Upsilon” MMC bölgələrdə internet dirəklərinin basdırılması və kabellərin çəkilməsi üçün dövlətdən ayrılan vəsait hesabına işçilər cəlb edib və onlara normal məbləğdə əməkhaqqı vəd edib.
Söhbət rayonlarda və kəndlərdə internet dirəklərinin basdırılması və kabellərin çəkilməsi işini yerinə yetirən 60-a yaxın işçidən gedir. Onların sözlərinə görə, aylardır ki, rayon-rayon, qapı-qapı gəzib gördükləri işin əməkhaqqısını ala bilmirlər.
İşçilər bəziləriinin 3 ay, bəzilərinin 4, bəzilərinin isə 6 aydır ki, maaş üzü görmədiklərini deyirlər. Şirkətin 60-a yaxın işçinin əməkhaqlarını vermədiyi və onları yalan vədlərlə gözlətdiyi bildirilir.
İşçilər onlara həvalə olunan işi vaxtında təhvil verdiklərini qeyd edirlər.
“Upsilon” MMC-nin direktoru İlkin məmmədovun yaxın qohumu Fikrət Qafarovdur.
Fikrət Qafarov həmçinin şirkətin maliyyə işlərinə nəzarət edir, bundan əlavə bu işə Qasım adlı bir şəxs də cəlb olunub.
“Upsilon” MMC isə ilin sonunadək təhvil-təslim prosesini yekunlaşdıracağı və işçilərin maaşlarını tam ödəyəcəyini söz versə də, bu günə kimi sözünə əməl etməyib.
Hətta haqqında dəfələrlə ərizə və şikayətlər yazılsa da, müxtəlif televiziya kanallarında yayımlanıb, media mənsublarında dərc olunsa da, bu vecsiz şirkətin yenə heç nəyi vecinə almadığı iddia olunur.
“UPSİLON” şirkətilə 15 mart 2024-cü ildən əmək müqaviləsi bağlayaraq işə başlayan Bakı sakini İlham Məmmədov dəfələrlə ərizə və şikayət dolu məktublarla müxtəlif yerlərə müraciət edib, lakin yenə də ona vəd edilən 1800 manat əmək haqqı, 250 manat öz maşınına görə xərc, yanacaqla təminat və ezamiyyət xərcini ala bilməyib.
Daha bir şikayətçi Məmmədov Pərviz Qarabağda, işğaldan azad olmuş Ağdamın Uzundərə ərazisində işləyib. Pərviz Ağdamda işləyib pulunu ala bilməyən işçilərin adından günlərlə şirkətin qapısına gəlib getsə də, qapını açmırlar, telefonları söndürüb, heç bir cavab vermirlər.
Şirkətin işçilərin əmək haqqında etdiyi saxtakarlıqlardan əlavə, saysız-hesabsız yeyintilərə və vergidən yayınma hallarına yol verdiyi də işçilər tərəfindən iddia olunur.
Hətta əməkhaqqı verilmir deyə işdən çıxan işçilərin əmək kitabçalarını özlərinə qaytarmırlar. Şikayətçilərin bildirdiyinə görə, məsələ ilə bağlı Əmək Müfəttişliyi şirkəti cərimə etsə də, bu, dələduz rəhbərliyə təsir etməyib və əmək kitabçalarını özlərində saxlayırlar.
Şirkət rəhbərlərinə “dələduz” kəlməsi yad deyil, araşdırmalara və yenə də iddialara görə şirkət rəhbəri də, ətrafına topladığı şəxslər də dələduzluqla məşğul olublar və göründüyü kimi, hələ də “peşə”lərinə davam edirlər. Onları barələrində yazılan yazılar, şikayətlər, ərizələr, çıxışlar qorxutmur, onlar bu məsuliyyətdən çox uzaqdırlar, bir sözlə, dövlətin qanunları, haqq-hesab bunlarlıq deyil.
Bu dələduz yığıncağının kimə və nəyə arxalandığı məlum olmasa da, deyilənlərlə milyonlarla pulun mənimsənildiyi bəlli olur. Yenə də şikayıət və iddialara görə, onlar təkcə rabitə işçilərinin deyil, yüzlərlə adamın haqqını vermir. Əlimizdə olan məlumata görə, şirkət hətta öz ofis işçilərinə külli miqdarda pul borcludur və verməməkdə israrlıdır.
Görüləcək işlərlə bağlı müqavilə əsasında mal-material aldıqları şəxslərə, yaxud şirkətlərə yüz minlərlə – 150 min, 50 min, 60 min, 30 min manat borcları var. Məlumata görə, dələduz şirkət bazara 3 milyon yarım borcludur.
Aldığımız məlumata görə, ayrılan pulların hamısını həzm-rabedən keçirən İlkin Məmmədov və yaxın ətrafı hesaba gələn pulları (hesablarında sərəncam var) nağdlaşdırmaq üçün özlərinə əlaltılar da tapıblar. Pulları Aygün adlı mühasibin və İnsan Resursları üzrə mütəxəssis Aytacın hesabına 5-6 min manat köçürərək mənimsənildiyi iddia edilir.
Daha bir məlumata görə, pullar şirkət rəhbərliyində olan çoxlu sayda şəxsiyyəti məlum olmayan “işçilər”in adlarına kartlara vurularaq çıxarılıb.
Bu maxinasiyalara, maliyyə fırıldaqlarına getməyən işçilərin, mühasiblərin “maddə ilə işdən qovulmaq”la şantaj olunduğu da şikayətçilər tərəfindən qeyd olunur. Onlardan biri də Fuad adlı mühasibdir ki, hal-hazırda şirkət rəhbərliyi tərəfindən şantaj olunduğu deyilir.
Bir sözlə, iddialara görə, “UPSİLON” şirkətində özbaşınalıq baş alıb gedir, dövlətin qanunları sayılmır, işçilərin hüquqları tam şəkildə pozulur.
Şirkətin boclu qalmadığı şirkətləri isə barmaqla saymaq olar. “Mətanət A”, “Kontakt Home” və bu kimi böyük şirkətlər “Upsilon” MMC-dən narazıdır, hətta məhkəməyə müraciət ediblər.
Etibarlı mənbədən aldığımız məlumata görə, şirkət rəhbərliyi “uzaqgörənlik edərək” bütün əmlaklarını öz adlarından çıxarıb qohumlarının adlarına yazdırıb ki, həbs olunsalar, heç nə əllərindən alınmasın, müsadirə olunmasın.
Məlumata görə, şirkət rəhbərliyi artıq arendaya götürdüyü ofisdən qovulub, özləri isə qaçıb gizlənib, telefonlara da cavab vermirlər.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Məsələni diqqətdə saxlayacağıq.
İnterpress.az