İstanbulun ən böyük kitabxanası olan Rami Kitabxanası Beynəlxalq Kitabxana Assosiasiyaları və Müəssisələri Federasiyasının (IFLA) təşkil etdiyi 2026-cı il Yaşıl Kitabxana Mükafatlarında “Böyükmiqyaslı layihə” kateqoriyası üzrə birinci yerə layiq görülüb. Kitabxana bu mükafatı XIX əsrə aid tarixi hərbi kazarmanı iqlim dəyişikliklərinə davamlı şəhər məkanına çevirməyi nəzərdə tutan layihəsinə görə qazanıb.
IFLA-nın Ətraf Mühit, Davamlılıq və Kitabxanalar Bölməsi (ENSULIB) tərəfindən təqdim olunan mükafat ətraf mühitin qorunması və davamlı inkişaf sahəsində nümunəvi liderlik, innovativ yanaşma və real təsir göstərən kitabxana və layihələri təqdir edir. Cənubi Koreyanın Busan şəhərində keçirilən IFLA Dünya Kitabxana və İnformasiya Konqresi (WLIC 2026) çərçivəsində elan olunan müsabiqənin 11-ci buraxılışında Rami Kitabxanası 27 ölkədən təqdim edilən 62 layihə arasında çoxşaxəli davamlılıq təşəbbüsləri ilə fərqlənib. Layihə ekoloji prinsiplərə əsaslanan müasir mədəniyyət məkanlarının yaradılması baxımından nümunəvi model kimi qiymətləndirilib.
Rami Kitabxanasının IFLA Yaşıl Kitabxana Mükafatında dünya üzrə birinci yerə layiq görülməsi tarixi irsin qorunması, ekoloji davamlılıq və müasir kitabxana xidmətlərinin vahid məkanda uğurla birləşdirilə biləcəyini nümayiş etdirir. Mükafat kitabxananın beynəlxalq səviyyədə tanınmasına töhfə verməklə yanaşı, Türkiyənin iqlim və davamlı inkişaf siyasətlərinin kitabxanaçılıq sahəsinə təsirini və ölkənin mədəni irsin qorunmasına verdiyi önəmi də diqqətə çatdırır.
1826–1828-ci illərdə inşa edilən Rami Kazarması aparılan bərpa, yenilənmə və tikinti işlərindən sonra 2023-cü ildə Avropanın qabaqcıl kitabxanalarından biri kimi yenidən ziyarətçilərin üzünə açılıb. Kompleksin yenidən qurulması zamanı tarixi abidənin kimliyinin və orijinal materiallarının qorunmasına əsaslanan konservasiya və adaptiv təkrar istifadə prinsipləri tətbiq edilib.
36 min kvadratmetr qapalı sahəyə və 4 200 nəfərlik oturacaq tutumuna malik Rami Kitabxanası Türkiyənin əsas informasiya mərkəzlərindən biridir. Rami kompleksində rəqəmsal kitabxana, gənclər kitabxanası, böyüklər üçün kitabxana və müxtəlif ixtisaslaşmış kitabxanalar fəaliyyət göstərir. Müxtəlif yaş qruplarına uyğun geniş imkanlar təqdim edən bu məkan ziyarətçilərə müasir kitabxana təcrübəsi yaşadır.
Zəngin tarixi irsin qorunması ilə yanaşı, Rami Kitabxanasında ətraf mühitin davamlılığı da müasir dizaynın əsas prinsiplərindən biri kimi diqqət mərkəzində saxlanılır. Kitabxananın 51 min kvadratmetrlik yaşıllaşdırılmış ərazisində 696 ağac, 99 min kol, bioloji gölməçə və qamışlıqlar yerləşir. Bununla da Rami Kitabxanası Avropada ən böyük qapalı landşaft sahəsinə malik kitabxana hesab olunur. Yaşıl ərazilər şəhər biomüxtəlifliyinin qorunmasına töhfə verməklə yanaşı, yerli mikroiqlimin yaxşılaşdırılmasına da xidmət edir.
Binanın geniş dam örtüklərindən toplanan yağış suları yaşıllıqların suvarılması və sanitar qovşaqlarda istifadə üçün yenidən dövriyyəyə qaytarılır. Kitabxanada az enerji sərf edən avadanlıqlardan, LED işıqlandırmadan, sensor sistemlərindən və günəş enerjisi texnologiyalarından istifadə etməklə enerji istehlakının azaldılması hədəflənir. Burada tullantılar mənbəyində çeşidlənir, təhlükəli tullantılar ayrıca idarə olunur, birdəfəlik plastiklərin istifadəsi minimuma endirilir və daxili iş prosesləri rəqəmsallaşdırılır.
Rami Kitabxanası davamlılıq anlayışını yalnız ekoloji və tarixi irsin qorunması ilə məhdudlaşdırmır. Kitabxana öz məkanlarında və proqramlarında sosial, mədəni və təhsil istiqamətlərini bir araya gətirən hərtərəfli yanaşmanı tətbiq edir. Mədəni proqramlar və hər kəs üçün əlçatan icma xidmətləri vasitəsilə cəmiyyətin mədəni, təhsil və incəsənət sahəsindəki ehtiyaclarına cavab verən kitabxana özünü “yaşayan kitabxana” konsepsiyasının nümunəsi kimi təqdim edir.
Bu yanaşma iqlim savadlılığının artırılmasına yönəlmiş təşəbbüslərdə də öz əksini tapır. Ətraf mühit mövzusunda informasiya xidmətləri, təlimlər və praktiki seminarlar vasitəsilə ziyarətçilərin ekoloji məsələlər barədə məlumatlılığının artırılması hədəflənir. Kitabxananın Əlçatan Resurslar Mərkəzi isə müxtəlif yaş qruplarından və fərqli ehtiyacları olan istifadəçilərin kitabxana xidmətlərindən yararlanmasına imkan yaradır. Eyni zamanda, Şifahane (bərpa bölməsi) nadir əlyazmaların və çap materiallarının mühafizəsi və bərpasını həyata keçirərək mədəni irsin gələcək nəsillərə çatdırılmasında mühüm rol oynayır.
Bu xüsusi bölmələr və sosial xidmətlərlə yanaşı, Rami Kitabxanası sutka ərzində, həftənin 7 günü fəaliyyət göstərir və fövqəladə hallar zamanı təhlükəsiz toplanış məntəqəsi kimi də istifadə olunur. Bu xüsusiyyət onu cəmiyyətin sosial dayanıqlılığı baxımından mühüm ictimai məkana çevirir. Çoxşaxəli davamlılıq təşəbbüslərinin nəticəsi olaraq Rami Kitabxanası Türkiyədə “Biosphere Davamlı Muzey Sertifikatı” alan ilk kitabxana, ölkədə həm “Sıfır Tullantı Sertifikatı”, həm də “Yaşıl Enerji Sertifikatı” əldə edən ilk müəssisə olub.
2023-cü ildə fəaliyyətə başladığı gündən 2025-ci ilin sonunadək Rami Kitabxanası 8,2 milyondan çox ziyarətçini qəbul edib. Hazırda kitabxana mükafat qazanan davamlılıq layihəsi çərçivəsində formalaşdırdığı hərtərəfli “yaşayan kitabxana” konsepsiyasını ekoloji düşüncəli ziyarətçilərin təcrübədən keçirməsi üçün qapılarını açıq saxlayır.







