Dolqoprudnı şəhər məhkəməsində polislərə hücum edilib.
İnterpress.az xəbər verir ki, bu barədə Moskva vilayəti prokurorluğu məlumat yayıb.
Dolqoprudnı şəhər məhkəməsinin binasında qanlı insident yaşanıb. Hadisə silah alveri ilə bağlı keçirilən məhkəmə iclasının başa çatmasından dərhal sonra günorta saatlarında baş verib.
Prokurorluqdan verilən məlumata görə, 1991-ci il təvəllüdlü təqsirləndirilən şəxs konvoy otağında olarkən tualetə getmək üçün icazə istəyib.
Otaqdan çıxan zaman isə gözlənilmədən onu müşayiət edən polis əməkdaşlarına hücum edərək onlara ciddi bədən xəsarətləri yetirib.
Polis əməkdaşları tabel silahından istifadə edərək hücum edən şəxsi zərərsizləşdiriblər.
Hadisə nəticəsində həm hücum edən şəxsin, həm də xəsarət alan polis əməkdaşlarının xəstəxanaya yerləşdirildiyi bildirilir.
Xuraman Etibarlı
İnterpress.az






