Məhəşqalada məsciddə dəstəmaz alan şəxsin 500 min rublu ələ keçirilib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Rusiyanın Dağıstan Respublikasının paytaxtı Məhəşqalada məscid ziyarətçisinə qarşı külli miqdarda oğurluq hadisəsi törədilib.
25 yaşlı işsiz gənc məscidə ibadətə gələn şəxsin 500 min rubl (təxminən 11 000 manat) məbləğində vəsaitini oğurlayıb.
Hadisə Qazoprovodnaya küçəsində yerləşən məscidlərdən birində baş verib. Oğurluq faktı zərərçəkmiş şəxs dəstəmaz aldığı vaxt qeydə alınıb.
Şübhəli şəxs ziyarətçinin kənarda asılmış gödəkçəsinin cibindən pulu gizlicə çıxararaq ərazidən uzaqlaşıb.
Saxlanılan gənc ifadəsində oğurladığı pulu artıq xərclədiyini bildirib.
Xuraman Etibarlı
İnterpress.az






