Məşhur brendlərin yastıqlarında gənə və toksik maddələr tapılıb.
İnterpress.az xəbər verir ki, bu barədə “Roskaçestvo” (Rusiya Keyfiyyət Sistemi) məlumat yayıb.
Qurumun apardığı laborator yoxlamalar nəticəsində populyar yastıq brendlərində ciddi qüsurlar aşkar edilib.
Məlumata görə, “Lyogkiye sny”, “Dargez” və “AlViTek” markalı məhsullarda toz gənələri müəyyən edilib. Həmçinin, yoxlanılan demək olar ki, bütün nümunələrdə külli miqdarda çirk və toz tapılıb.
Bəzi istehsalçıların alıcıları aldatdığı da üzə çıxıb. Belə ki, “Good Sleep” yastıqlarında bəyan edilən quş lələyi əvəzinə sintetik materialdan istifadə olunduğu, “Askona” brendində isə qaz lələyinin miqdarının 1%-dən də az olduğu aşkar edilib.
Ən təhlükəli məqam isə bir sıra brendlərdə toksik maddələrin tapılmasıdır. Bu siyahıya “Trud”, “Sofi De Marko”, “Medsleep”, “Belpol”, “Dargez” və “Ist’ok” markaları daxildir.
Mütəxəssislər bu növ məhsulların insan sağlamlığı üçün ciddi allergik reaksiyalar və digər sağlamlıq riskləri yarada biləcəyi barədə xəbərdarlıq ediblər.
Xuraman Etibarlı
İnterpress.az






