“Rəşadətli Azərbaycan Ordusunun Qarabağdaki qeyri-qanuni erməni silahlı dəstəsinin tör-töküntülərinə qarşı başlatdığı lokal xarakterli anti-terror əməliyyatı, son bir neçə ay ərzində bölgədəki erməni terrorçularının təxribatlarına qarşı Azərbaycan dövlətinin təbii reaksiyasıdır. Bu əməliyyatla biz,beynəlxalq hüquqi normalar çərçivəsində öz təbii haqlarımızdan istifadə edirik”
Bu fikirləri “İnterpress.az”a açıqlamasında Türkiyədə yaşayan azərbaycanlı jurnalist,ictimai fəal Natiq Çıraqzadə bildirib.
N.Çıraqzadə qeyd edib ki, Azərbaycan Ordusunun lokal anti-terror əməliyyatına başlamasını şərtləndirən bir neçə vacib faktor var idi:
“Ermənistan silahlı qüvvələrinin birləşmələri və suveren Azərbaycan ərazisində terrorçuluq fəaliyyəti ilə məşğul olan bölücü erməni quldur dəstəsi, aylardır artan dinamika ilə Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı silahlardan sistemli şəkildə atəşə tutur, ərazilərimizin minalanmasını davam etdirir və Azərbaycan siyasi rəhbərliyinin yüzlərlə çağırışına rəğmən, dünya birliyi,beynəlxalq ictimaiyyət tərəfindən bu məsələyə adekvat reaksiya göstərilmir.
Belə olan halda, Azərbaycan xalqının və dövlətinin təhlükəsizliyini təmin etmək, bölgədə sülhün və sabitliyin əsasını qoymaq və respublikamızda konstitusiya quruluşunun bərpası istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin, lazımi əməli addımlar atması olduqca labüd xarakter almışdı”
İctimai fəal, Rusiya administrasiyasının Azərbaycan tərəfi ilə imzaladığı Müttəfiqlik Fəaliyyəti haqqında Bəyannaməni xatırladıb:
“Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında imzalanmış Müttəfiqlik Fəaliyyəti haqqında Bəyannamənin 18-ci maddəsinə əsasən,Rusiyayla Azərbaycan beynəlxalq terrorizm və separatçılığa qarşı birgə fəaliyyət göstərərək,milli və dövlət təhlükəsizliyinin təmin olunması istiqamətində əməkdaşlıq etməlidirlər. Ancaq Rusiya tərəfi,44 günlük Vətən müharibəsindən bu günədək Qarabağda gizlənərək,xaincəsinə minalar basdırmaqla məşğul olan bir dəstə terrorçu ünsürə qarşı nəinki hansısa real addım atdı,əksinə onların maddi-texniki təminatı və sursat daşıması kimi qeyri-qanuni hərəkətlərinə göz yumdu. İndi isə,bütün dünya birliyi məhz bizim haqlı israrımız qarşısında sadəcə oturaraq, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin brifinqlərini izləməyə davam edə bilərlər”