Pərvin Əsgərli: “Anamın vəziyyətində nisbətən də olsa, yaxşılaşma müşahidə edilir”backend

Pərvin Əsgərli: “Anamın vəziyyətində nisbətən də olsa, yaxşılaşma müşahidə edilir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Nəinki media nümayəndəsi olaraq, hər şeydən öncə bir vətəndaş, övlad kimi anamın timsalında virusa yoluxanların canı ilə çarpışmasının şahidi oldum”.

Bu sözləri Interpress.az-a anası koronavirusa yoluxan həmkarımız, ATV telekanalının aparıcısı Pərvib Əsgərli deyib. Onun sözlərinə görə, anasının vəziyyətində nisbətən də olsa, müsbət irəliləyiş müşahidə olunur:

“Anamla az əvvəl telefonda danışdım. Onunla söhbət zamanı palatadalardan gələn səsləri, Allahdan dilənən yardımları eşitdim. Bu, məni çox sarsıtdı. Sanki anamla hər danışanda onun gözləri ilə oradakı xəstələri də görürəm. Anam hazırda Bakı Sağlamlıq Mərkəzində müalicə alır. Həkimlər vəziyyətini ciddi nəzarətdə saxlayır. Əvvəlkinə nisbətən müsbət dəyişikliklər var. Bu, məni sevindirir. Ancaq həkimlər müalicənin hələ davam etdiyini deyir.

Bakı Sağlamlıq Mərkəzinin bütün rəhbərliyinə, koronavirus xəstələrinə baxan, onları sağlamlıqlarına qovuşduran bütün həkimlərə təşəkkür edirəm. Fəxr edirəm ki, ölkəmizdə Sizin kimi peşəkar həkimlərimiz var. Anamın vəziyyəti ilə bağlı narahat olan, maraqlanan hər kəsə minnətdaram”.

P.Əsgərli insanlara səslənərək, sağlamlıqlarını qorumalarını tövsiyə edib:

“İnanın ki, bu virus var və adi qrip deyil. Özünüzü, valideynlərinizi, övladlarınızı qoruyun. Maskadan istifadə edin. Ətrafınızdakı insanlar riayət etməsə, onlara da tövsiyə edin. Özünüzü və əzizlərinizi düşünün, sosial məsafəyə, karantin qaydalarına əməl edin”.