“Qarabağ”ın UEFA Avropa Liqasının pley-off mərhələsindəki rəqibi Portuqaliya təmsilçisi “Braqa” futbolçusu Alvaro Calonu 15 milyon avroya satır.
İnterpress.az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, 24 yaşlı hücumçu bu ölkənin “Krasnodar” klubuna keçməyə yaxındır.
Premyer Liqa təmsilçisi ispaniyalı ön xətt oyunçusunun transferi üçün qarşı tərəflə danışıq aparır. “Braqa” rəhbərliyi Calonu 15 milyon avroya satmağa hazır olduğunu bildirib. Ruslar bu məbləği ödəməyə razıdırlar.
Qvineya-Bisau əsilli Calo cari mövsüm bütün turnirlərdə 29 oyun keçirib, 13 qol vurub, 3 məhsuldar ötürmə verib.
Qeyd edək ki, “Qarabağ” “Braqa” ilə ilk oyununu fevralın 15-də səfərdə, cavab matçını isə 22-də evdə keçirəcək.