Azərbaycanda qohum evliliyinin 36,4%-i nəsildən-nəslə keçən gərəksiz adətlər, stereotiplərlə bağlıdır.
Bu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin keçirdiyi rəy sorğusu nəticəsində məlum olub.
Qurumun Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova martın 12-də Bakıda qohum evlilikləri ilə bağlı təşkil edilən ictimai müzakirələrdə deyib ki, 2021-ci ildə keçirilən sorğunun əsas məqsədi insanların qohum evliliyinə münasibətini öyrənmək, belə nikahların təsirlərinin qiymətləndirməsi, fəsadların müəyyən edilməsi və onların qarşısının alınması istiqamətində tədbirlərin görülməsi olub.
Bakı, Ağsu, Astara, Beyləqan, Cəbrayıl, Daşkəsən, Gəncə, İmişli, İsmayıllı, Lənkəran, Mingəçevir, Qazax, Qobustan, Salyan, Şamaxı, Şirvan, Tovuz, Xızı, Yevlax, Qəbələ və Ağdamda aparılan sorğuya 1354 respondent qatılıb. Onlardan 67,4%-i qadınlar, 32,6 %-i isə kişilər olub.
Sorğu nəticəsində məlum olub ki, qohum evlilikləri arasında dayıoğlu-bibiqızı, bibioğlu-dayıqızı nikahlarının xüsusi çəkisi 37.4%, əmioğlu və əmiqızı evliliyi 22.1%, xalaoğlu və xalaqızı nikahı 23,2%, eləcə də qohum şəxslərin – əmi, bibi, dayı, xala nəvələri arasında olan nikahlar 17,3%-dir.
Respondentlərin fikrincə, qohum evliliyinin bir sıra səbəbləri yar. Onların 16,4%-i yaşlı nəslin təkidi, gənclərə seçim haqqının verilməməsi, 36,4%-i nəsildən-nəslə keçən gərəksiz adətlər, stereotiplər, 14,3%-i erkən nikah, 16,6%-i gənclərin təcrübəsizliyi, yetərli qədər əhatə dairəsinə sahib olmaması, sosiallaşma problemləri, 8,1%-i ailə quran insanların təhsilsizliyi, cahilliyi, 6,2%-i kifayət qədər məlumatın olmamasını göstəriblər.