Kanadada “Robin Qud” libaslı qarətçilər marketləri soyub ərzağı kasıblara paylayıblar.
İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Kanadanın Monreal şəhərində qeyri-adi soyğunçuluq hadisəsi baş verib. Təxminən 60 nəfərdən ibarət qrup başlarında “Robin Qud” papaqları ilə “Rachelle Béry” supermarketlərinə daxil olaraq kütləvi qarət həyata keçiriblər.
Onlar mağazalardan ümumi dəyəri 6 min Kanada dolları (təxminən 7 530 manat) olan ərzaq məhsulları çıxarıblar.
Maraqlısı budur ki, qrup oğurladıqları ərzaqları ehtiyacı olanlar üçün nəzərdə tutulmuş “ictimai soyuduculara” paylayıb.
Sosial şəbəkələrdə bu hərəkəti “siyasi aksiya” adlandıran aktivistlər, bunun ölkədə ərzaq qiymətlərinin kəskin artmasına qarşı etiraz olduğunu bildiriblər.
Hadisənin arxasında özünü “Robins des Ruelles” (Küçə Robinləri) adlandıran təşkilatın dayandığı məlum olub.
Sözügedən qrup bir neçə həftə əvvəl digər bir supermarketi “Şaxta baba” və “elf” geyimlərində qarət edərək bənzər aksiya keçirmişdi.
Qeyd edək ki, son bir il ərzində Kanadada inflyasiya iki dəfədən çox artıb ki, bu da əhalinin həyat şəraitinə ciddi mənfi təsir göstərib.
Xuraman Etibarlı
İnterpress.az






