“Rusiya nə qədər atılıb-düşsə də, Ukrayna öz bildiyini edəcək“backend

“Rusiya nə qədər atılıb-düşsə də, Ukrayna öz bildiyini edəcək“

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son günlər Ukrayna və Rusiya arasında olan gərginlik getdikcə artmaqdadır. Belə ki, sosial şəbəkələrdə və əsasən də, “Telegram” kanallarında yayılan videolarda Rusiyanın Ukrayna sərhədlərinə doğru çox sayda hərbi texnika daşıması öz əksini tapıb. Amerika kəşfiyyatının son günlər verdiyi açıqlamalarda isə Rusiyanın qışda Ukraynaya qarşı ikinci bir hərbi eskalasiya başladacağı bildirilib. 

Regionda yeni müharibə təhlükəsi ola bilərmi?

Ukrayna Rusiya ilə açıq savaşa girəcək?

Mövcud vəziyyəti dəyərləndirən ehtiyyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov Yenisabah.az-a açıqlamasında deyib ki, Rusiya Ukraynaya açıq hərbi müdaxilə edə bilməz:

“Mən düşünmürəm ki, Rusiya o cürəti özündə tapa və Ukraynaya açıq şəkildə müdaxilə edə. Sadəcə zaman-zaman onlar Ukraynaya hədə-qorxu gəlmək, onu gərginlikdə saxlamaq üçün bu metoddan istifadə edirlər. Bu yaxınlarda Rsuiya prezidenti Vladimir Putin də bəyan etdi ki, biz oraya qoşunları ona görə yığmışıq ki, onlar daim gərgin vəziyyətdə olsunlar, yəni məsuliyyətlərini hiss etsinlər. Həmçinin NATO-nun Baş katibi Yan Stoltenberq Rusiyaya xəbərdarlıq etdi ki, əgər Rusiya tərəfindən hər hansı artıq-əskik hərəkət olacaqsa, buna çox sərt və amansız münasibət olacaq”.

Eskpertin sözlərinə görə, Rusiya özü də başa düşür ki, dünyada ona münasibət nə qədər dəyişib:

“Ona görə də, mən düşünmürəm ki, Rusiya Krımdan sonra daha bir ağılsız addım atsın. Hərçənd ki, nəzəri baxımından mümkündür, amma praktiki baxımdan onlar buna heç vaxt getməzlər və gedə də bilməzlər. Ona görə də, bu variantı istisna edirəm ki, ruslar açıq müdaxilə etsinlər.

Bunların indi çalışdıqları odur ki, Luqansk və Donetskə hər hansı bir dəstək nümayiş etdirsinlər, çünki oradan narahatdırlar. Son vaxtlar Ukrayna Silahlı Qüvvələrinin arsenalında olan “Bayraktar TB-2”-lərin istifadəsi, artıq separatçıları narahat edir. Ukraynanın XİN rəhbəri Dmitri Kuleba da bəyan etdi ki, onlar Türkiyənin PUA-ları deyil, onlar Ukrayna ordusunun silahlarıdır. Ukraynalılar da çox rahat şəkildə bunu istifadə etməyə başlayıblar”.

“Sadəcə olaraq dərin narahatlıq içində olan Rusiya rəhbərliyi çalışır ki, bu minvalla proseslərə haradasa öz təsirini göstərsin. Mən düşünmürəm ki, indiki həssas məqamda belə bir şey olsun. Düzdür, indi bəzi generallar da bəyanat verirlər, bəzi rəsmilər də elan edirlər ki, indilərdə, 1-5 saatdan sonra Rusiya hücuma keçəcək və s. Mən şəxsən, o variantı görmürəm və o variantı istisna edirəm”, – deyə hərbi ekspert əlavə edib.

Ü.Cəfərov onu da vurğulayıb ki, Rusiya bu saat çox çətin vəziyyətdədir:

“İnanmıram ki, Rusiya özünün dərin olan iqtisadi böhranını, bir az da dərinləşdirməyə qərar versin. Çünki bu addımı atacağı təqdirdə, məqam gözlənilir ki, Rusiyaya qarşı alternativ planlar həyata keçirilsin.

İndi dünyada iki güclü dövlət var. Yadınızdadırsa, bizim cənub qonşumuzun Azərbaycanla bir balaca problemi vardı, amma buna baxmayaraq Aşqabadda münasibətlər fərqli bir məcaraya yönəldi. Yəni mən deyirdim ki, İranın bir müddət əvvəl Azərbaycana olan gərgin münasibətindən heç Azərbaycana ehtiyac qalmayacaq ki, nələrsə etsin. Çünki bundan istifadə etmək istəyən kifayət qədər dövlətlər olacaq. Eyni mənzərə də Rusiya ilə bağlıdır. Rusiya ilə bağlı bəzi dövlətlər məqam gözləyirlər ki, Kreml hansısa bir səhvi etsin və onlar Rusiyanın hava nəfəsliyini kəssinlər, meydanını daraltsınlar. Rusiyanın özü üçün də çox ağır olacaq. Ona görə də, bu nöqteyi-nəzərdən mən bir daha təkrar edirəm ki, yaxın zamanlarda Rusiyanın Ukraynaya qarşı hər hansı bir hərbi güc tətbiq etməsini düşünmürəm, sadəcə o dəstəyini bir qədər də artıracaq. Yəni separatçılara dəstək verməklə, Ukraynaya təzyiq mexanizmini bir qədər artıracaq”.

Hərbi ekspert düşünür ki, Ukrayna Donbassı hərbi yolla azad etmək gücünə malikdir:

“Ukrayna heç vaxt Donbassı azad etmək istəyini gizlətməyib və Ukrayna gec-tez Donbassı azad edəcək. Buna heç kimin də şübhəsi olmasın. Rusiya nə qədər atılıb-düşsə də, Ukrayna öz bildiyini edəcək. Çünki bu torpaqlar beynəlxalq hüquqla Ukraynanın ərazisi kimi tanınır. Ona görə də Ukrayna bu məsələləri həll edəcək”.

Hərbi ekspert Ruslan İmanquliyev isə düşünür ki, iki ölkə arasında siyasi gərginlik hər an hərbi müstəviyə keçə bilər:

“Keçmişdə Rusiyanın iştirak etdiyi hərbi əməliyyatlara baxsaq, Ukrayna ilə Rusiya arasında olan siyasi gərginlik hər an hərbi müstəviyə keçə bilər. Bu ən azından risk olaraq qiymətləndirilməlidir. Yəqin ki, hazırda Ukrayna bu istiqamətdə ciddi mənada təhlükəni hiss edir və bir sıra hazırlıqlar da görür. Bunu Ukraynanın digər ölkələrlə olan diplomatik münasibətlərindən müşahidə etmək mümkündür. Bununla yanaşı, Ukraynanın son dövrlərdə müdafiə sənayesini inkişaf etdirmək adına fəaliyyətləri və ordu quruculuğuna daha da diqqət göstərməsi münasibətlərdə gərginliyin təzahürüdür”.