Martın 15-də Sumqayıt Dövlət Universitetinin əsas tədris binasının həyətində professor-müəllim heyəti, əməkdaşlar və tələbələr, həmçinin SDU-nun əməkdaşlıq etdiyi müəssisələrdən olan qonaqların iştirakı ilə Novruz şənliyi keçirilib.
Bu barədə interpress.az Universitetdən məlumat verilib.
Novruz bayramının qədim ənənələrindən, onun özünəməxsus xüsusiyyətlərindən söz açan aparıcılar artıq 4-cü ildir ki, xalqımızın öz əziz bayramını yüksək ovqat ilə qarşıladığını qeyd edərək sözü SDU-nun rektoru, dosent Rüfət Əzizova veriblər.
Rektor Rüfət Əzizov tədbirdə iştirak edən hər kəsi qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edib və xoş arzularını çatdırıb. Hər bir xalqın ona aid olan bayramların və adət-ənənələrin o xalqın daşıdığı dəyərlərlə həmahəng olduğunu qeyd edib. Xalqımızın sevə-sevə qeyd etdiyi bu bayramın bizim adət-ənənələrimizi əsrlər boyu yaşadaraq bu günlərə gətirdiyi kimi, bizi bir xalq kimi birləşdirərək həmrəyliyə səslədiyini vurğulayıb.
Daha sonra bayram tonqalı qalanıb. Konsert proqramı ilə davam edən bayram tədbiri Novruz personajlarının iştirakı, qonaq müğənnilərin və istedadlı tələbələrimizin ifaları, universitetin “Səma” rəqs qrupunun rəngarəng rəqsləri ilə davam edib.