21 dekabr 2024-cü il tarixi Azərbaycanın müasir tarixində əlamətdar bir gün kimi yadda qalacaq. Prezident İlham Əliyevin tapşırığı ilə, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində Şuşa şəhərinə növbəti köç karvanı yola salındı. Bu, yalnız məcburi köçkünlərin yurdlarına qayıdışı deyil, həm də Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində atılmış növbəti mühüm addımdır.
1992-ci ildə Ermənistan tərəfindən işğal edilmiş Şuşa şəhəri illərlə dağıntılar və talanlarla üzləşmiş, Azərbaycanın mədəni irsinin incisi olan bu şəhər erməni vandalizminin acı izlərini daşımışdır. Lakin 2020-ci ildə, Vətən müharibəsi nəticəsində, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı ilə Şuşa azad edildi. Bu qələbə tariximizin ən parlaq səhifələrindən biri olmaqla yanaşı, şəhidlərimizin qanı bahasına əldə olunmuşdur. Şuşanın azadlığı uğrunda canlarından keçən şəhidlərimiz və sağlamlıqlarını itirən qazilərimiz xalqımızın əbədi qürur mənbəyidir.
Bu gün həmin müqəddəs torpaqlara həyat yenidən qayıdır. Şuşa şəhərinə köç karvanı çərçivəsində 49 ailə, yəni 191 nəfər doğma yurdlarına qayıdır. Uzun illərdir yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış bu ailələr üçün bu qayıdış yalnız bir evə dönüş deyil, həm də öz köklərinə qayıdışdır.
Şuşa sakinləri göstərilən dövlət qayğısına görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya dərin təşəkkürlərini bildiriblər. Bu təşəkkür təkcə sözlərlə deyil, həm də yenidən qurulan Şuşada həyatın dirçəldilməsi üçün göstəriləcək səylərlə ifadə edilir.
Hazırda Qarabağ və Şərqi Zəngəzurda ümumilikdə 30 minə yaxın insan yaşayır. Bu rəqəm Azərbaycanın Böyük Qayıdış proqramının uğurla həyata keçirildiyinin göstəricisidir. Azərbaycan dövləti azad edilmiş ərazilərdə infrastrukturun qurulması, yaşayış məntəqələrinin bərpası və yeni həyatın yaradılması istiqamətində ardıcıl və planlı fəaliyyətini davam etdirir.
Şuşa şəhəri Azərbaycanın tarixi, mədəni və mənəvi irsinin rəmzidir. Bu şəhərin azadlığı və yenidən dirçəlişi Azərbaycan xalqının birliyinin, dövlətin gücünün və qətiyyətinin göstəricisidir. Bu qayıdış həm də Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi yolunda irəliləyişin növbəti mərhələsidir.
Şuşaya qayıdan hər bir ailəyə yeni həyatlarında uğur və xoşbəxtlik arzulayırıq. Şəhidlərimizin müqəddəs ruhları, qazilərimizin fədakarlığı və Azərbaycan Ordusunun rəşadəti ilə azad edilən bu torpaqlar yenidən çiçəklənəcək və xalqımızın gücünün təcəssümünə çevriləcəkdir. Bu qayıdış Azərbaycanın qələbəsinin, haqq yolunda mübarizəsinin və xalqımızın əzmkarlığının ən gözəl simvoludur.
Zaur Quliyev
Hüquqşünas