“Uşaq və Yeniyetmələrə Dəstək” (UYD) İctimai Birliyi “Shusha, the cultural capital of Azerbaijan, in photos” (Azərbaycanın mədəniyyət paytaxtı Şuşa fotolarda) adlı beynəlxalq fotoqrafiya layihəsi çərçivəsində iştirak etmək istəyən fotomüxbirləri müraciət etməyə dəvət edir.
İnterpress.az xəbər verir ki, Azərbaycan Respublikasının Gənclər Fondunun “Şuşa ili” ilə bağlı elan etdiyi müsabiqədənkənar qrant müsabiqəsinin qalibi olan layihə Şuşanın tarixi və mədəni irsi, işğal dövründə ermənilər tərəfindən törədilən vandalizmi, gənclərin qayıdışa motivasiya olunması və Şuşada aparılan bərpa-quruculuq işləri ilə bağlı məlumatlılığın artırılmasının fotolar vasitəsi ilə həyata keçirilməsi ideyasını daşıyır. Layihənin məqsədi Azərbaycan, Gürcüstan və Türkiyədən olan gənc fotomüxbirlər vasitəsilə Şuşanın tarixinin və mədəni irsinin yerli, türk və gürcü gəncləri arasında təbliğ edilməsidir.
Layihədə iştirak etmək istəyən yerli fotomüxbirlər 15.11.2022-ci il 23:59-a qədər UYD ictimai birliyinin (@uydib) sosial şəbəkə hesablarından iştirak şərtləri ilə tanış olaraq qeydiyyat anketi ilə ( https://bit.ly/3FTuLlE ) müraciət edə bilərlər.
Məlumat üçün qeyd edək ki, tanınmış fotomüxbir Orxan Əzimin ekspert kimi iştirak etdiyi layihəyə Azərbaycan, Gürcüstan və Türkiyədən olan 10 gənc fotomüxbir cəlb olunacaq. Layihə çərçivəsində Bakı, Tbilisi, Marneuli, Bolnisi, İstanbul, Eskişehir və Antalya şəhərlərində Şuşanı əksetdirən fotolardan ibarət 9 sərginin keçirilməsi nəzərdə tutulur.