Tbilisidə İran səfirliyinin binasına zərər vuran şəxs saxlanılıb.
İnterpress.az xəbər verir ki, bu barədə İranın Gürcüstandakı səfiri Əli Mücani məlumat yayıb.
Səfir bildirib ki, gecə saatlarında psixi cəhətdən qeyri-sabit olan bir İran vətəndaşının qanunsuz hərəkətləri nəticəsində səfirliyin konsulluq şöbəsinin pəncərələrindən birinin şüşəsi sındırılıb.
İnsidentdən dərhal sonra hadisə yerinə Gürcüstanın Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşları gəlib.
Onlar operativ və peşəkar şəkildə hərəkət edərək şübhəli şəxsi saxlayıblar.
Əli Mücani Gürcüstanın hüquq-mühafizə orqanlarına göstərdikləri çevikliyə görə təşəkkürünü bildirib.
Qeyd olunub ki, saxlanılan şəxs 6 ay müddətinə həbs ediləcək.
O, müvafiq cəriməni ödədikdən sonra isə bir daha geri qayıtmamaq şərti ilə Gürcüstandan deportasiya olunacaq.
Xuraman Etibarlı
İnterpress.az






