Bu gün 29 oktyabr Azərbaycanın əzəli, əbədi qardaşı, doğma Türkiyədə Cümhuriyyət Günü Bayramıdır. Millət olaraq qazandığımız Böyük Qurtuluş Savaşımızı yeni, güclü bir dövlətlə və Cümhuriyyət idarəsi ilə taclandırmağımızın üzərindən 102 il keçir.

Azad və müstəqil yaşamaq arzusuyla əldə edilən bu böyük zəfəri davamlı vəziyyətə gətimək istəyən və hədəfi ən başdan tam olaraq müstəqil, eyni zamanda müasir mədəniyyət səviyyəsini aşmaq olan Mustafa Kamal Atatürk, bu hədəflərə ancaq və ancaq cümhuriyyət, demokratiya ilə çata biləcəyini görmüşdü.
Qəhrəman Türkiyə xalqının qazandığı möhtəşəm zəfər, Cümhuriyyətin qurulduğu andan etibarən milli inkişaf yolunda atılmış addımlar, xüsusən son illərdə əldə olunmuş hərtərəfli tərəqqi sayəsində Türkiyə Respublikası haqlı olaraq dünyanın ən aparıcı və güclü dövlətlərindən birinə çevrilib.
Ortaq tarix, köklər və milli-mənəvi dəyərlərlə bir-birinə bağlı olan xalqlarımızın iradəsini əks etdirən Azərbaycan-Türkiyə qardaşlıq və müttəfiqlik münasibətləri bu gün özünün ən yüksək zirvəsindədir. Hazırda dünyada bir-birinə bu qədər yaxın olan ikinci bir nümunə göstərmək mümkün deyil.
Bu mənada türk dünyasının böyük oğlu Mustafa Kamal Atatürkün «Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir», Ümummilli Lider Heydər Əliyevin “Bir millət, iki dövlət” ifadələri münasibətlərimizin əsl mahiyyətini əks etdirir.
Azərbaycan-Türkiyə əməkdaşlığı həm regionda, həm də regiondan kənarda böyük önəm daşıyır. Ölkələrimiz arasındakı bu əlaqələrimiz günü-gündən inkişaf edir və bu birlik daha da qüvvətlənir, möhkəmlənir.
Bu möhtərəm gündə dahi Mustafa Kamal Atatürkün, respublikanın yaradılması naminə aparılan mübarizədə canlarını fəda edən şəhidlərimizin, sağlamlıqlarından keçən qazilərimizin əziz xatirəsini yad edirik.
Türkiyə xalqını milli bayramı – Cümhuriyyət Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Qoy Azərbaycan-Türkiyə birliyi və qardaşlığı əbədi və sarsılmaz olsun!






