Türkiyədə kafe və restoranlara ev heyvanları ilə daxil olmaq qadağan edilə bilər.
İnterpress.аz xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.
Türkiyə parlamentinə ictimai iaşə obyektlərinə ev heyvanları ilə daxil olmağı qadağan edən yeni qanun layihəsi təqdim olunub.
Layihə qəbul edilərsə, məhdudiyyətlər təkcə qapalı zallara deyil, həm də açıq terraslara, restoran bağçalarına və digər müştəri zonalarına şamil olunacaq.
Hazırda Türkiyədə hər bir restoran və ya kafe müştərilərin ev heyvanları ilə daxil olmasına icazə verilib-verilməməsini müstəqil şəkildə müəyyən edir.
Yeni təşəbbüs isə bu sahədə vahid milli qaydaların tətbiqini hədəfləyir. Qaydanı pozan obyektlər üçün inzibati cərimələr nəzərdə tutulur, lakin cərimələrin konkret məbləği hələlik dəqiqləşdirilməyib.
Qeyd edək ki, qanun layihəsi hələ qüvvəyə minməyib və parlamentdə müzakirə mərhələsindən keçməlidir.
Yekun qərar qəbul olunana qədər kafe və restoranlar öz daxili nizam-intizam qaydalarına uyğun fəaliyyət göstərməyə davam edəcəklər.
Xuraman Etibarlı
İnterpress.аz






