Ukraynanın müdafiə və təhlükəsizlik şurasının katibi Oliksiy Danilov ölkəsinin əks-hücumlara hazır olduğunu bildirib. Onun sözlərinə görə, Ukrayna müdafiəçiləri əks-hücum əməliyyatlarına ən uyğun vaxtda başlayacaqlar.
Maraqlıdır ki, Ukrayna Prezident Ofisinin müşaviri Mixaylo Podolyak bir neçə gün əvvəl əks-hücum əməliyyatının artıq başladığını bildirmişdi. Bu xəbər ciddi əks-sədaya səbəb olmuş, müxtəlif xarici KİV-lərdə müzakirə olunmuşdu. Çünki əks-hücum əməliyyatları çoxdan gözlənilirdi. Və hər kəs bilir ki, bu əməliyyatlar müharibənin taleyini dəyişə bilər.
Ümumiyyətlə, Ukrayna rəsmilərinin əks-hücum əməliyyatları ilə bağlı açıqlamalarında ziddiyət olur. Doğrudur, həm Prezident Volodimir Zelenski, həm də onun komandasının digər üzvləri hələ bir neçə ay əvvəl əks-hücum əməliyyatlarının yayda başlayacağını demişdilər. Həmçinin ümumi rəy belədir ki, Ukrayna əks-hücum əməliyyatlarına hazırdır. Amma, görünür, hələ tam açıqlanılmayan məqamlar da var.
Fikrimcə, əks-hücum əməliyyatları ilə ziddiyyətli bəyanatların verilməsi Ukrayna idarəçiliyində ziddiyətin təzahürü deyil. Əksinə, ola bilsin, bu, tamamilə uzaqgörən addımdır. Rəsmilərin əks-hücum əməliyyatlarına dair fərqli bəyanatları bir neçə konteksdən qiymətləndirilə bilər. Birincisi, görünür, Ukrayna Rusiyanı “qəzəbləndimək” istəmir, əks-hücumla bağlı elan verməkdənsə, bunu döyüş meydanında göstərir. İkincisi, çox güman ki, rəsmilər əks-hücum əməliyyatlarını tez-tez gündəmə gətirməklə Moskvanı daim təhdid altında saxlamaq istəyirlər. Üçüncüsü, Ukrayna artıq müəyyən strateji uğurlar əldə edib. Kiyevin Rusiyaya “İndi bunu ediriksə, əks-hücum əməliyyatları başlayandan sonra daha çoxuna nail ola bilərik” mesajını verməsi də istisna deyil. Dördüncüsü, ola bilsin, Ukrayna həm də ABŞ-dan daha çox silah istədiyinə görə hələ əks-hücum əməliyyatlarının başlanmasını açıqlanmır.
Bütün bunlara baxmayaraq, düşünürəm ki, Ukrayna əks-hücum əməliyyatlarına artıq başlayıb. Biz yaxın vaxtlarda bunun ciddi nəticələrini görəcəyik. F-16 qırıcılarının Ukraynaya təhvil verilməsindən sonra isə əks-hücum əməliyyatlarının daha da sürətlənməsi və effektiv olması mümkündür. Fikrimcə, bir neçə aya müharibə daha da şiddətlənəcək.
Kənan Novruzov
İnterpress.az