Ermənistanda müxalifət partiyası parçalanırbackend

Ermənistanda müxalifət partiyası parçalanır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dörd gün əvvəl Qaqik Tsarukyan partiyanın lideri vəzifəsindən istefa verərək, siyasətdən çıxdığını bəyan etdikdən sonra 9 millət vəkili FEP parlament fraksiyasını tərk edib, vəzifəli şəxslər, kənd və səhər icma başçıları partiya biletlərini təhvil verirlər.

Bu proses prezident Serj Sarkisyanın Firavan Ermənistan Partiyasının sədri Qaqik Tsarukyanın ünvanına tənqidi çıxışından başlayıb və ötən həftə onun partiya sədri vəzifəsindən istefasından sonra sürət alır.

Sabiq XİN rəhbəri Vardan Oskanyan (sağda) partiya biletini təhvil verir, lakin millət vəkili vəzifəsini tərk etmək niyyətində deyil (Şəkil – Photolur.am)
Sabiq Ermənistan xarici işlər naziri Vardan Oskanyan deyib ki, onun FEP sıralarını tərk etməsinə partiyanın “radikal dəyişiklər vasitəsilə erməni cəmiyyətinin ölkəni düzgün, sağlam inkişaf yoluna yönəltmək arzusunu gerçəkləşdirə bilməməsi\” səbəb olub.

Firavan Ermənistan Partiyasını hətta son parlament seçkilərində hakim Respublikaçılar Partiyasından iki dəfə artıq seçici dəstəyi qazandığı Gümridə də tərk edirlər.
Gümrinin meri Samvel Balasanyan yaydığı bəyanatda öz qərarını partiyanın lideri Tsarukyanın partiya sədri vəzifəsindən istefa verməsi və siyasətdən tamam uzaqlaşması ilə izah edir. “Bundan sonra mənim FEP qarşısında heç bir öhdəliyim yoxdur”, – merin bəyanatında deyilir.
Gümrini Milli Məclisdə təmsil edən yeganə millət vəkili Martun Qriqoryan da partiya biletini qaytarıb.

Birincilər sırasında Firavan Ermənistan Partiyasını tərk edən Ermənistanın ikinci şəhəri sayılan Gümrinin meri Samvel Balasanyan olub
Qaqik Tsarukyanın kürəkəni, Abovyan şəhərinin meri Karapet Quloyan da FEP üzvlüyündən çıxdığını bəyan edib.

“Bir adamın partiyası”

Ermənistanın ən varlı sahibkarlarından biri Qaqik Tsarukyanın təxminən 10 il bundan əvvəl təsis etdiyi partiya sədri vəzifəsini tərk etməsi ümumiyyətlə Firavan Ermənistanın iflasına gətirə bilər, politoloq Qafqaz İnstitutunun rəhbəri Aleksandr İskandaryan ötən həftə sonu Yerevanda jurnalistlərə deyib.

Onun sözlərinə görə, müxalif qüvvə statusunda siyasi proseslərə təsirə malik olmaq üçün ciddi maliyyə, kadr, media, ekspert resursları olmalıdır.

“Lideri bir zərbə ilə kənar edilən partiya fəaliyyətdə olan hakimiyyətə ciddi opponentlik edə bilməz. Düşünürəm ki, bütün proseslər hakim Respublikaçılar Partiyasının iradəsinə tabe olacaq. FEP-in müxalifət olması da hakimiyyətin istəyindən asılıdır: hakimiyyət istəsə, FEP müxalifət olar, istəməsə – heç nə edə bilməz”, – İskandaryan bildirib.

Politoloq Aleksandr İskandaryan Firavan Ermənistan Partiyasının ömrü uzun olmayacağını proqnozlayır

Politoloqun sözlərinə görə, Qaqik Tsarukyan Firavan Ermənistana “pul verməsə, partiyanın ömrü qısa olacaq”.

Politoloq Qaqik Hambaryan isə bildirib ki, Ermənistanda ötən 20 il ərzində partiyaların şəxsiyyət ətrafında deyil, ideya naminə yaradılması mədəniyyəti formalaşmayıb.

İnterpress.az