Görüşdən sonra vəkilin Moderator.az-a bildirdiyinə görə Pərvizin saxlanılma şəraiti normaldır və müəssisə rəhbərliyindən hər hansı narazılığı yoxdur, əksinə, ona normal münasibət bəslənilir.
Vəkil Bəhruz Bayramov onu da bildirdi ki, Pərviz Həşimli onun azadlığa buraxılması üçün prezident İlham Əliyevə müraciət edən deputatların hər birinə ayrı-ayrılıqda təşəkkürünü çatdırmağı xashiş edib. Jurnalist deputatların müraciətindən çox məmnun qalıb və müqəddəs bayramlarımızdan olan Novruz öncəsi belə bir xoşməramlı təşəbbüsdə bulunmalarına görə millət vəkillərinə minnətdarlıq edib.
Xatırladaq ki, bu günlərdə bir neçə deputat – Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı, Vahid Əhmədov, İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri Əli Məsimli, Çingiz Qənizadə, Zahid Oruc, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev, Ədalət Partiyasının sədri İlyas İsmayılov prezident İlham Əliyevə müraciət edərək Pərviz Həşimlinin azadlığa buraxılmasını xahiş edib.
Pərviz Həşimli Təvəkkül Qurbanov adlı şəxslə 2013-cü il sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyatla saxlanılıb. Onlara qarşı odlu silahın və döyüş sursatının qaçaqmalçılığı və odlu silah saxlama maddələri ilə ittiham irəli sürülüb. Pərviz Həşimli ittihamları qəbul etməyib. Lakin Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 may 2014-cü il tarixli hökmü ilə Pərviz Həşimli 8 il, Təvəkkül Qurbanov isə 8 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.
İnterpress.az