Nəqliyyat Nazirliyinin katiblik rəisi Namiq Həsənov Modern.az-a açıqlamasında deyib ki, oyunlar zamanı əsas yük onların üzərinə düşür:
“Bizim bütün qurumlarımız gücləndirilmiş iş rejimində çalışacaq. Mərkəzi aparatda da, tabeli qurumlarda da qərargahlar fəaliyyət göstərəcək. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzində də xüsusi qərargahlar yaradılacaq. Bu qərargahlar vasitəsilə idarəetmə həyata keçiriləcək. Əsas yük Nəqliyyat Nazirliyinin üzərinə düşəcək. Ona görə də həm ictimai nəqliyyatın işinin təşkili, həm də yollarda bizimlə bağlı nə varsa, yüksək səviyyədə həyata keçirmək üçün gücləndirilmiş iş rejimində çalışacağıq. Avtobuslar səhər saat 05:00-dan axşam saat 02:00-a qədər xətlərdə olacaq. Zərurət yaranacağı təqdirdə iş saatı 1 saat da artırıla bilər. Hazırda təkmilləşdirmə proqramını həyata keçiririk. Bəzi ləğv olunan avtobusların oyunlara hazırlıqla əlaqəsi yoxdur. Amma oyunlarla bağlı istiqamətini dəyişən avtobusların, əlbəttə, yenidən öz marşrutu üzrə hərəkət etməsi təmin olunacaq”.
Namiq Həsənov vahid kart sisteminə keçidlə bağlı mayın 20-dən sonra açıqlama veriləcəyini bildirib.
Gücləndirilmiş iş rejimində işləyəcək qurumlardan biri Bakı Metropolitenidir. Qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Modern.az-a bildirib ki, Avropa Oyunları zamanı Bakı metrosu gücləndirilmiş iş rejimində işləyəcək:
“Bakı Metropoliteni I Avropa Oyunlarına yüksək səviyyədə hazırlaşır. İstər stansiyalarda aparılan təmir-yenidənqurma işləri, istərsə də tətbiq edilən yeniliklər davam etdirilir. Əsas məqsədimiz həmin ərəfədə sərnişinlərin təhlükəsizliyini və rahatlığını tam təmin etməkdir. Təbii ki, buna da nail olacağıq”.
Nəsimi Paşayev qeyd edib ki, istər qatarlarda, istərsə də stansiyalarda yeniliklər aparılır, sərnişin sıxlığı da nəzərə alınır: “Bütün stansiyalarda xarici qonaqları nəzərə almaqla yeni monitorlar quraşdırılır. Həmin monitorlarda istiqamətlər iki dildə, Azərbaycan və ingilis dillərində olacaq. Təhlükəsizlik tədbirləri maksimum həddə çatdırılacaq. Ehtiyat qatar və avadanlıqlar hazır olacaq.
Oyunların keçiriləcəyi ərəfədə orta məktəblərdə, ali təhsil ocaqlarında dərslər başa çatacağından qış qrafikindən yay qrafikinə keçiləcək, nəticədə sərnişinlərin sayı xeyli azalacaq. Buna baxmayaraq, oyunlara getmək istəyən sərnişinlər də nəzərə alınmaqla sərnişindaşımanın öhdəsindən layiqincə gələcəyimizə əminik.
I Avropa Oyunları zamanı sərnişinlərin rahat hərəkətinin təmin edilməsi məqsədilə iyunun 12-dən 28-dək Bakı metrosunda iş vaxtı səhər saat 05:00-dan 01:00-a qədər artırılacaq. I Avropa Oyunlarının açılış və bağlanış günü isə metronun iş saatı gecə saat 02:00-a qədər uzadıla bilər. Əgər rəsmi qərar olarsa, bu vaxtın daha da uzadılması istisna edilmir. Həmçinin Avropa Oyunlarının açılış və bağlanış günlərində yalnız bileti olan şəxslər və rəsmi akkreditasiyadan keçənlər metrodan pulsuz istifadə edə biləcəklər. Rəsmi akkreditasiya olunanlar oyunlar başlayandan bitənədək bütün günlərdə metrodan ödəniş etmədən istifadə edəcəklər”.
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli bildirib ki, bu ay ərzində iki şəhərə yeni uçuş reysləri təşkil ediləcək:
“Hazırda Ankara, İstanbul, Təl-Əviv, Berlin, Paris, Roma, Milan, London və başqa istiqamətlərə təyyarələrimiz uçur. Əgər hansısa ölkə tərəfindən bizə müraciət olarsa, həmin ölkələrə də əlavə reyslər təşkil edəcəyik. Oyunlarda iştirak edəcək idmançılar Azərbaycana bizim reyslərimizlə də gələ biləcəklər.
Berlinə may ayının 6-da reys açılıb, mayın 20-də isə Barselonaya uçuşlarımız olacaq. Başqa hansı ölkəyə əlavə uçuşların olacağı, yeni reyslərin açılacağı haqda bizdə sənəd yoxdur”.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirib ki, dəmir yollarının iş rejimində hər hansı dəyişiklik olmayacaq: “Bizdə qrafik əvvəlcədən müəyyənləşir. Qonaqlar əsasən beynəlxalq qatarlarla Moskva, Xarkov, Tiflisdən gələcək. Həmin istiqamətlərdə qrafik üzrə müəyyən olunmuş vaqonlar var, hansı ki, qonaqların gəlməsi və yola salınmasını yüksək səviyyədə təmin etməyə hazırıq. Beynəlxalq qatarlarda əlavə vaqon qoşmaq olmur, çünki cədvəl əvvəlcədən müəyyənləşir. Yəni sərnişinlərin sayı bilinir və biletlər satılır, buna görə də dəyişikliyə ehtiyac olmur, müəyyən olunmuş say əsasında biz işimizi reallaşdırırıq”.
İnterpress.az