DAK İdarə Heytində təmsil olunan Adil Minbaşı İnterpress.az-a açıqlamasında bildirib ki, son qurultay xeyli təmizləmə əməliyyatından sonra olduqca sağlam mühitdə keçib: “Əvvəllər İran tərəfi belə qurultaylara qalmaqal yaratmaq üçün öz adamlarını yerləşdirməyə çalışırdı. Həm daxildə qarşıdurma yaratmaq, həm də DAK-ı iqtidarla vurusdurmaq istəyirdi. DAK-ın son qurultayında Əjdər Tağızadənin oğlu İdarə Heyətinə seçilib. Hətta mənim namizədliyim verilən zaman bildirdim ki, daha çox gənclərə yer verilməsinin tərəfdarıyam. Əjdər Tağızadə son günlərə qədər ugurlardan danışıb, indi seçilmədiyinə görə bütün bu uğurları inkar edir. Amma axı adamın çıxışlarını qoyarlar qabağına. Bir müddət əvvələ qədər uğurlardan, keçirilən görüşlərdən danışırdı. Hələ Ukraynada keçirilən qurultayda ona bildirilmişdi ki, Cənubdan olan bəzi yoldaşlar onun adının olduğu yerə gəlmək istəmir. O da bununla razılaşmışdı, amma görünür, fikrini sonradan dəyişib. Mən buna təəssüf edirəm”.
Qurultaya qonaq qismində qatılan Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn qurultaya Sabir Rüstəmxanlının dəvəti ilə qatıldığını deyib: “Şəxsən mənim yaddaşımda kifayət qədər yaxşı qurultay kimi qaldı. Qurultayda çıxış edib təbriklərimi çatdırdım”.
İdarə Heyətininm daha bir üzvü Zəlimxan Məmmədli isə baş verənlərin həm də diaspor siyasətinin təsiri olduğunu bildirib: “Əjdər Tağızadə əvvəl DAK-da Şura sədri olub, heç nəyə etiraz bildirməyib. İndi də oğlu DAK-da təmsil olunur. Onun söylədiklərinə təəssüf edirəm. Yeganə qurultay idi ki, alternativ qanadın rəhbəri Mirəşrəf Fətiyev də iştirak etdi, İdarə Heyətinə seçildi. Digər qiymətləndirilməli məqam siyasi qüvvələrin qurultayda iştirak etməsi idi. Azərbaycan müxalifətinin nümayəndələri iştirak edirdi. Üçüncü vacib məqam Türkiyənin diqqətinin Cənubi Azərbaycan məsələsinə yönəldilməsi oldu. Qurultay TV-də canlı yayınlandı. Bunlar önəmli hadisələrdir. Əsas problem ondadır ki, DAK-ın qarşısına qoyduğu məqsədlərə çatması üçün büdcəsi yoxdur. Əgər biz Avropa institutlarına haqlı mövqeyimizi çatdırmaq istəyiriksə, bunün üçün yetərincə vəsait olmalıdır”.
İnterpress.az