İnsan Hüquqları üzrə Birgə İşçi Qrupun üzvü, hüquq müdafiəçisi Səadət Bənənyarlı məsələ ilə bağlı Modern.az saytına deyib ki, onlar da hamı kimi sərəncamın imzalanacağı günü gözləyirlər.
O qeyd edib ki, Müsavat Partiyası başqanının həbsdə olan müavini Tofiq Yaqublu ilə bağlı ayrıca müraciət ediblər:
“Tofiq Yaqublunun əfv olunması üçün ayrıca müraciət etmişik. Ümid edirik ki, budəfəki əfv sərəncamında onun da adını görəcəyik”.
Şəmkir rayon İcra Hakimiyyətinin keçmiş başçısı Aslan Aslanovun oğlu Ruslan Aslanovun öldürülməsində təqsirli bilinərək ömürlük həbs cəzası alan Vüqar Əliyevin məsələsinə gəlincə, hüquq müdafiəçisi bildirib ki, onunla bağlı hər hansı müraciət hazılamayıblar:
“Vüqar Əliyevin əfv olunması üçün müraciət etməmişik. Biz yalnız bu işlə bağlı məhkəməni gözləyə bilərik. Onunla birlikdə həbs olunan və bir müddət əvvəl azadlığa çıxan Lamiyə Quliyeva üçün azyaşlı uşağı olduğundan müraciət etmişdik. Həm də düşünürük ki, onlar eyni hadisə ilə bağlı həbs olunduqlarından və Lamiyə artıq azadlığa çıxdığından, böyük ehtimalla Vüqar da əfv oluna bilər. Amma təbii ki, bu, prezidentin səlahiyyətində olan məsələdir”.
Digər hüquq müdafiəçisi Novellla Cəfəroğlu da saytımıza açıqlamasında bildirib ki, hazırda gözləmə mərhələsindədirlər: “Biz həm may ayının 10-u, həm də mayın 28-ə əfv sərəncamı imzalanacağını ehtimal edirdik. Mayın 10-u gözlənilən əfv sərəncamı imzalanmadığından, inanırıq ki, mayın sonunda baş verəcək. Ümid edirik və prezidentin sərəncamını gözləyirik”.
İnterpress.az