Bu Məhəmməd Peyğəmbərin (s.ə.s) həyatında baş vermiş ən mühüm hadisələrdən biridir. Hansı tarixdə baş verməsi barədə alimlər arasında fikir ayırılığı var. Geniş yayılmış məlumata görə, Məkkə dönəmində, peyğəmbərliyin 10-cu ilindən sonra (daha dəqiq desək, Əbu Talibin vəfatından sonra) baş vermişdir.
Merac gününün də dəqiq tarixi məlum deyil. Müxtəlif mənbələrdə 17 ramazan, 2 rəbiül-əvvəl, 17 rəbiül-əvvəl və ya 27 rəcəb gecəsində (bu gecə), yaxud rəcəb ayının ilk cüməsinin gecəsində baş verdiyi yazılıb. Merac Həzrət Məhəmməd Peyğəmbərin (s.ə.s) ən böyük möcüzələrindən biri sayılır. “Merac” sözünün ərəb dilindən tərcüməsi “yüksəliş, yuxarıya qalxma” mənasını verir.
Əbu Talibin və Xədicənin vəfatından sonra Həzrət Muhamməd (s) tez-tez öz qohumlarının evini ziyarət edir, onlara qonaq olur, bəzən gecəni də orada qalırdı. Bir gün o, Əbu Talibin qızı, Həzrət Əlinin (ə) bacısı Ümmi-Haninin evində qonaq idi. Gecəyarı Allahın vəhy mələyi Cəbrail İslam Peyğəmbərinin görüşünə endi və onu çox şərəfli bir səfərə dəvət etdi. Bu səfərdə Həzrət Məhəmmədə (s.ə.s) bələdçilik etməyi Allah-təala ona tapşırmışdı.
Peyğəmbərimiz Cəbrailin gətirdiyi “Büraq” adlı xüsusi vasitəyə minib gecəyarı Məkkəni tərk etdi. Onun səfərinin birinci mərhələsi müsəlmanların ilk qibləsi, böyük peyğəmbərlərin vətəni Qüds (Yerusəlim) şəhərindəki Beytül-Müqəddəs məscidinə oldu. Merac gecəsində Peyğəmbərin Məkkədən Qüdsə səfəri Quranda “İsra” adlandırılır.
Beytül-Müqəddəs məscidini, habelə Qüds şəhərinin başqa dini ziyarətgahlarını gəzib orada namaz qıldıqdan sonra Peyğəmbərin ilahi səyahətinin ikinci mərhələsi başlandı. Həzrət Muhamməd (s) Cəbrailin müşayiəti ilə səmaya qalxdı. Büraq o həzrəti səmanın təbəqələrindən asanlıqla keçirərək bu səfərin asanlığını təmin edirdi.
Həzrət Məhəmməd (s.ə.s) meracda keçmiş peyğəmbərlərin ruhları ilə görüşdü, cənnətdə möminlərə nə kimi mükafatlar veriləcəyindən, günahkarların necə cəzalandırılacaqlarından xəbərdar oldu. Hədislərdə deyildiyi kimi, merac zamanı Peyğəmbərimiz Allahın qüdrət və əzəmətinin zahir olduğu yerlərə elə yaxınlaşdı ki, heç bir mələk, o cümlədən cənab Cəbrail Onu müşayiət edə bilməyib geri qaldı.
Meracın əsas əhəmiyyəti bundadır ki, həmin hadisə zamanı Allah-təala müsəlmanlara gündəlik namazları qılmağı vacib elan edir.
Həzrət Məhəmməd (s.ə.s) çox qısa müddət ərzində, cəmi bir neçə dəqiqə içində böyük səfərini başa vurdu, getdiyi yolla da geri qayıtdı. O, səmada hərəkət edib Məkkəyə dönərkən yolda şəhərə yaxınlaşan ticarət karvanını gördü və karvanın nişanələrini yadda saxladı.
Səhər Həzrət Məhəmməd (s.ə.s) şəhərə çıxıb öz ilahi səfərini məkkəlilərə xəbər verdi. Onun bir neçə dəqiqə ərzində Məkkədən Qüdsə, oradan da səmaya qalxdığını, göy təbəqələrini dolaşdıqdan sonra geri döndüyünü eşidən bütpərəstlər yenə istehza etməyə başladılar. Bu zaman Həzrət Peyğəmbər yolda gördüyü karvanı təsvir etdi, dəvələrin sayını, rəngini, yükünü yerli-yerində söylədi. Məkkəlilər Peyğəmbərdən tələb etdilər ki, əgər doğrudan da Qüdsə getmişdirsə, oranın mənzərəsini təsvir etsin.
Məhəmməd (s.ə.s) Beytül-Müqəddəs məscidinin içini və çölünü, habelə başqa müqəddəs yerləri ətraflı şəkildə təsvir etdi. Tez-tez Qüdsə səfər edən tacirlər onun dediklərinin həqiqətə tam uyğun olduğunu təsdiqlədilər. Bu vaxt Peyğəmbərin yolda gördüyü ticarət karvanı Məkkəyə daxil oldu. Karvanın bütün əlamətləri peyğəmbərin söylədikləri ilə eyni idi.
Lakin İslam alimlərinin böyük əksəriyyətinin fikrincə, Həzrət Məhəmməd Peyğəmbər (s.ə.s) cismani (fiziki) halda meraca getmişdir. Bu hadisənin bəzi cəhətləri əlçatmaz və qeyri-mümkün görünə bilər. Lakin Eynşteynin nisbilik nəzəriyyəsi, həmçinin müasir kvant fizikasına istinadən belə bir hadisənin məhz fiziki formada baş verə bilməsini əsaslandırmaq mümkündür.
Qurani-kərimin bir neçə ayəsində Məhəmməd Peyğəmbərin (s.ə.s) merac və israsına həm açıq, həm də üstüörtülü işarələr mövcuddur. Belə ayələrin birində buyurulur: “Bəzi ayətlərimizi göstərmək üçün öz bəndəsini bir gecə Məscidül-həramdan ətrafını mübarək etdiyimiz Məscidül-əqsaya aparan Allah pak və müqəddəsdir. Ö,doğrudan da (hər şeyi) eşidəndir, görəndir” (‘İsra”, 1).
İnterpress.az