Vəkil Fariz Namazlı Modern.az saytına bildirib ki, prosesdə Xədicə İsmayıl da iştirak edib: “Məhkəmə vəsatəti təmin etmədi. Prokurorluq qeyd edirdi ki, guya Xədicə İsmayılın daimi yaşayış yeri yoxdur. Buna görə də sübutları saxtalaşdıra, şahidlərə təsir edə bilər. Xədicə İsmayıl da bildirdi ki, prokurorluq yalan danışır, onun daimi qeydiyyatda olduğu yaşayış yer var. İşdə kimlər şahid kimi dindirilir, onların siyahısı bizə bəlli deyil. Buna görə də bizim onlara təsir göstərmək imkanımız da yoxdur. Çünki istintaq idarəsi “Azadlıq” radiosunun ofisini bağlayıb və oradan sənədləri götürüb. Buna görə bizim hər hansı bir sübutları saxtalaşdırmaq, şahidlərə təsir etmək ehtimalımız belə yoxdur”.
Fariz Namazlı onu da əlavə edib ki, Nəsimi Rayon Məhkəməsinin qərardan Apelyasiya Məhkəməsinə şikayət verəcəyik.
2014-cü il dekabrın 5-də həbs olunan Xədicə İsmayıl jurnalist Tural Mustafayevi özünü öldürməyə cəhd həddinə çatdırmaqda ittiham olunur.
Bakı İstintaq Təcridxanasında saxlanan Xədicə İsmayılla əlaqədar başqa istintaq və məhkəmə işləri də var. Ötən il fevralın 17-də Xədicə İsmayıl “Facebook” şəbəkəsində Milli Təhlükəsizlik Nazirliyinin xidməti fəaliyyətinə aid olduğu ehtimal edilən material yayıb. Materialda MTN-in müxalifət partiyalarına casus yerləşdirməsindən bəhs olunur. Jurnalist materialı ona hazırda Fransada yaşayan sabiq MTN zabiti Ramin Nağıyevin 2011-ci ildə ötürdüyünü deyir. Sözügedən materialla əlaqədar Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 284.2-ci (dövlət sirrini yayma) maddəsi ilə cinayət işi başlanıb.
Sonradan jurnalistə qarşı mənimsəmə və israf etmə, qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərindən sui istifadə maddələri ilə yeni ittihamlar irəli sürülüb. “Amnesty İnternational” hüquq müdafiə təşkilatı Xədicə İsmayılı vicdan məhbusu elan edib.
İnterpress.az