N. İbrahimov bildirib ki, bəzi kütləvi informasiya vasitələrində Elnur İbrahimov haqqında yayılan məlumatlar tamamilə əsassızdır.
O diqqətə çatdırıb ki, bu məlumatlar böhtan xarakteri daşıyır və dərc olunan fotolar E.İbrahimovun hərbi xidmətə getməsindən xeyli əvvələ aiddir: “Elnur İbrahimov hazırda xidmət keçdiyi hərbi hissədədir və Vətən qarşısında borcunu ləyaqətlə yerinə yetirməyə çalışır. Onun olduğu hərbi hissədə nizam-intizam qaydaları o qədər ciddidir ki, hətta qanuni məzuniyyətdə olduğu dövrdə belə hərbi hissənin yerləşdiyi rayonun ərazisini tərk etməyə icazə verilmir, nəinki harasa istirahətə getməyə. Hesab edirik ki, kütləvi informasiya vasitələrinin nümayəndələrixüsusilə indiki həssas məqamda bu cür yoxlanılmamış məlumatları yaymaqdan çəkinməli, belə düşünülməmiş addımların cəmiyyətdə süni gərginlik yarada biləcəyini nəzərə almalıdırlar. İnanırıq ki, bu “məlumat” indiki həssas məqamda məqsədli olaraq dövriyyəyə buraxılmayıb, sadəcə, bəzi media nümayəndələrinin qeyri-peşəkar fəaliyyətinin nəticəsi olaraq meydana çıxıb. Bəzi jurnalistlər nəzərə almalıdırlar ki, belə əsassız informasiyalar Azərbaycan Silahlı Qüvvələrinin nüfuzuna da xələl gətirə, silahlı qüvvələrimizdə intizam qaydalarına riayət olunmaması kimi yanlış təsəvvür formalaşdıra bilər”.
Komitə sədri sonda bir daha bildirib ki, Elnur İbrahimov hazırda hərbi xidmətini davam etdirir və onun xidmətdə olduğu hərbi hissədə nizam-intizam qaydalarına kifayət qədər ciddi riayət olunur: “Elnur Azərbaycan Silahlı Qüvvələrində xidmət etməkdən şərəf duyur”.
Yenilik.Az olaraq qeyd edirik ki, Nazim İbrahimov bu açıqlama ilə özünü dolaşığa salıb. Belə ki, bu yaxınlarda mətbuatda həm də Elnur İbrahimovun Bakıda keçirilən Qlobal forumda iştirak etdiyi barədə informasiya yayılmışdı. Həmin informasiyaya münasibət bildirən Nazim İbrahimovun rəhbərlik etdiyi Diaspora Komitəsinin mətbuat xidmətinin rəhbəri Elşad Miraləm 14.03.2016 tarixdə Qafqaznews.az saytına bildirmişdi ki, “Elnur İbrahimov həmin forumda olmayıb, amma hazırda burdadır, məzuniyyətə gəlib”. E.İbrahimovun hərbi xidməti harda keçdiyi, məzuniyyətə nə vaxt çıxdığı barədə suallar isə cavabsız qalıb: “O barədə dəqiq məlumatım yoxdur. Lakin onu deyə bilərəm ki, Elnur İbrahimov bu günlərdə rəsmi məzuniyyətə çıxıb”.
Mövzu ilə bağlı saytın Müdafiə Nazirliyinə göndərdiyi sorğuya isə cavab olaraq bildirilib ki, “İbrahimov Elnur Nazim oğlu adında şəxs Müdafiə Nazirliyinə tabe olan hərbi hissələrdə xidmət etmir. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməyiniz tövsiyə olunur”.
Bəs Nazim İbrahimov nə deyir? Deyir ki, “Elnur İbrahimovun olduğu hərbi hissədə nizam-intizam qaydaları o qədər ciddidir ki, hətta qanuni məzuniyyətdə olduğu dövrdə belə hərbi hissənin yerləşdiyi rayonun ərazisini tərk etməyə icazə verilmir, nəinki harasa istirahətə getməyə.” Belə çıxır ki, ya sədr yalan danışır, ya da mətbuat xidməti, ya da Komitə sədrinin oğlu elə yaşadığı rayonun ərazisində hərbi xidmət keçir ki, bu da elə qanun pozuntusudur. (yenilik.az)
İnterpress.az