Pattayada üç naməlum şəxs rusiyalı turistə hücum edərək pul və sənədlərini oğurlayıb.
İnterpress.az xəbər verir ki, bu barədə “The Pattaya News” məlumat yayıb.
Taylandın Pattaya şəhərində gecə saatlarında, turistlərin sıx olduğu Thapphraaya küçəsi ərazisində 42 yaşlı rusiyalı turistə üç naməlum şəxs hücum edib. Hücum edənlər kişini döyərək içərisində pul və sənədləri olan çantasını götürüblər.
Hadisə nəticəsində turist xəsarət alıb və xəstəxanaya çatdırılıb. Hadisənin şahidi nəşrə bildirib ki, hücum edənlərdən biri turistin üz nahiyəsinə zərbələr endirib, digər iki nəfər isə motosikletin üzərində gözləyib. Şahidin sözlərinə görə, üç hücum edən şəxsin hamısı Tailand vətəndaşı olub.
Hadisə ilə bağlı polis araşdırma aparır, şübhəlilərin müəyyənləşdirilməsi istiqamətində tədbirlər görülür.
Xuraman Etibarlı
İnterpress.az






