2003-cü ildə Cəlilabad şəhərində Nizami adına 1 saylı orta məktəbi bitirib. Həmin il Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olub. 2007-ci ildə oranı leytenant rütbəsi ilə bitirib. 2007-2008-ci illərdə Təlim-Tədris Mərkəzində təkmilləşdirmə kursu keçib. 2008-2009-cu illərdə Gəncədə zabit kimi hərbi xidmət keçib.
2010-cu il sentyabrın 3-dən 4-nə keçən gecə Tərtərin Çiləbürt kəndi yaxınlığındakı döyüşdə şəhid olub. Birbaşa döyüş xəttində həlak olduğu üçün Fərid Əhmədovun meyiti düşmən tərəfdə qalıb və yalnız noyabrın 6-da Ermənistan və Azərbaycan tərəflərinin razılaşmaları nəticəsində qaytarılıb.
2010-cu il noyabrın 7-də Prezident İlham Əliyev baş leytenant Fərid Güloğlan oğlu Əhmədovun \”İgidliyə görə\” medalı ilə təltif edilməsi (ölümündən sonra) haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, şəhid Fərid Əhmədov bu medala hərbi borcunu həyatı təhlükə altında yerinə yetirərkən igidlik göstərdiyinə görə layiq görülüb.
Moderator.az-ın əməkdaşı da rayona səfərimiz zamanı yolumuzu Fəridin doğulub boya-başa çatdığı Cəlilabad rayonunda yerləşən ata evinə salıb. Elə rayondakı küçələrdən biri də Fəridin adını daşıyır. Oxuduğu 1 nömrəli orta məktəbdə birlikdə şəhid olduğu həmyerlisi Əhməd Abdullayevlə birlikdə hər ikisinə abidə ucaldılıb.
Bizi Fəridin nənəsi Həvva və bibisi Tahidə xanım qarşıladı. Anası Nərgiz xanım Bakıda yaşayan qızına dəyməyə getdiyi üçün onunla görüşə bilmədik.
– Bizim hər günümüz Fəridi ağlamaqla keçir…
– Yenə Fəriddən söz açacağımızı bildikdə, göz yaşlarına hakim ola bilmədilər. Elə biz də onlarla Fərid haqda danışıb kövrəltdiyimizə görə üzr istədik. Bibisi Tahidə xanım bizə onları yada saldığımıza görə təşəkkür etdi: “Çox sağ olun ki, Fəridi xatırlayırsınız. Bizim elə hər günümüz Fəridi ağlamaqla keçir”.
– Atasının tikdiyi təzə evdə yaşamadı…
Bibisi Tahidə xanım o günləri belə xatırlayır.
– Ailədə iki uşaqdı Fəridgil: bir qardaş və bir bacı. Atası həyətdə Fəridə təzə ev tikdi. 2006-cı ildə atası ürək tutmasından vəfat etdi. Atasının tikdiyi evdə yaşamaq qismət olmadı Fəridə. Fərid qardaşımın bircə nişanəsi idi. Amma, o da şəhid oldu. (Ağlayır).
Milli Qəhrəman Ramil Səfərovun tələbəsi olub…
Fərid, Heydər Əliyev adına Ali Hərbi Məktəbdə kursant olarkən, Ramil Səfərovun dərs verdiyi qabaqcıl kursantlardan biri də Fərid olub.
Gedəcəm sağ gəlsəm özüm gətirəcəm, ya da meyitim onunla gələcək…
Söhbətimizə Həvva nənə də qoşulur.
– Axırıncı dəfə iyul ayında gəlmişdi evə. Biz heç bilməzdik bu belə eləyər. Həmin vaxtı Mübariz şəhid olub ermənilər tərəfdə qalmışdı. Gördüm telefonda nəyəsə baxır. Dedim ay Fərid, nədi o baxırsan?
Dedi, nənə Mübariz budur bax, gedəcəm sağ gəlsəm özüm gətirəcəm, ya da meyitim onunla gələcək. Elə bildim sözdü də deyir, belə eləməz.
Gəldi evdə üç gün qaldı. Dostlarıyla Lənkərana dənizə getdi. Sən demə, bu bizimlə görüşməyə gəlibmiş. Biz heç nə bilmirdik. Dostlarına and verib ki, evdə heç nə deməsinlər. Deyib ki, gedim sağ qayıtsam gəlib qurban kəsəcəm. Amma elə olmadı, Fəridin meyitinin ermənilərdən alınıb gətirilməsinə görə biz qurban kəsdik. (Ağlayır).
İki ay bu həyətdə Fəridi gözlədik…
İki ay bu həyətdə Fəridi gözlədik. Böyüklü-balacalı adamların ardı-arası kəsilmirdi. İki ay biz bu həyətdə nə çəkdik bir Allah bilir. Dodaqlarımız partlamışdı susuzluqdan. Heç nə boğazımızdan keçmirdi. Fərid özü də döyüşə gedən vaxtı oruc tutmuşdu. İbadət eləyir, namaz qılırdı. Çox sağ olsun Prezidentimiz İlham Əliyev, Fəridgili düşmən torpağından gətizdirdi. \”İgidliyə görə\” ordeni ilə təltif elədi. Amma, çox istəyərdim Fəridə də Milli Qəhrəman adı versin. Qoy onun adı əbədi yaşasın.
Fərid haqda film çəkilib…
Bibisi Tahidə xanım söhbətimizə qoşulur.
– Noyabr ayında rayonda Fərid haqda filmin təqdimatı oldu. Bizi də dəvət etmişdilər. Filmin ssenari müəllifi Kəmalə Mirzəyeva, Fərid rolunun ifaçısı Elvin Qasımovdur. Film Fəridin uşaqlıq, gənclik və hərbi xidmətdə olduğu illəri əks etdirir. Fərid haqqında onun dostlarının, yaxınlarının və müəllimlərinin xatirələri canlandırıldı. Fəridin anası Nərgiz xanım göstərilən diqqətə görə yaradıcı kollektivə təşəkkürünü bildirdi. Fəridlə birlikdə şəhid olmuş Əhməd Abdullayev haqda da film çəkiləcək.
Sonda Şəhidin ailəsinə Allahdan səbr diləyib, bizim üçün çəkdikləri əziyyətə görə təşəkkürümü bildirib oradan ayrıldıq.
İnterpress.az