Özbəkistan prezidentinin qızı Gülnarə Kərimovanın şəxsi mühasibi kimi tanınan Nurməhəmməd Sadıqov 18 il azadlıqdan məhrum edilib. “Nurik” ləqəbi ilə tanınan, Gülnarə Kərimovaya məxsus kommersiya strukturlarından birində yüksək vəzifədə işləyən Sadıqovun həbsi barədə məlumatları Mərkəzi Asiyada İnsan Hüquqları Asossiasiyasının rəhbəri Nadejda Atayeva da təsdiqləyib.
Bəzi məlumatlara görə, Nurik uzun müddət Gülnarə Kərimovanın şəxsi mühasibi olub.
3 il əvvəl o, Daşkənd aeroportunda saxlanılıb. Birləşmiş Ərəb Əmirliklərindən gələn Nurik maliyyə fırıldağında şübhəli bilinib. Həbs qərarının isə bir müddət əvvəl çıxarıldığı bildirilir. Qeyd edək ki, G.Kərimovanın yaxın ətrafının həbsinə 2 il əvvəl başlanılıb. Onlar korrupsiyada ittiham edilib. Prezident qızı özü isə ölkəsinə bir sıra əcnəbi telekommunikasiya şirkətlərinin buraxılmasına görə milyon dollarlarla rüşvət almaqda ittiham olunub.
Qalmaqallı işin istintaqı ilə ABŞ və Avropa ölkələrinin istintaq orqanları məşğul olur.
Saxlananlar arasında Gülnarə Kərimovanın vətəndaş nikahında olduğu Rüstəm Madumarov və şəxsi köməkçisi Qayana Avakyan da var.
2014 –cü ilin mayında adıçəkilən şəxslər adam oğruluğunda ittiham olunaraq müvafiq olaraq 9 və 6 il azadlıqdan məhrum edilib. Oğurlanan şəxs isə Nurməhəmməd Sadıqov olub.
Özbəkistan Prokurorluğu Sadıqovun Madumarov və Avakyanın tutduğu keçmiş hərbçilər tərəfindən qaçırıldığını bildirib. Azad ediləndən dərhal sonra isə Nurik sosial şəbəkədəki səhifəsində həmin şəxslərin Gülnarə Kərimovanın adamları olduğunu və onun əmri ilə qaçırıldığını bildirib. Hələlik Sadıqova qarşı konkret ittihamların nədən olduğu bildirilmir.
Məhkəmə qapalı keçirilib və hər hansı bilgi verilməyib.
Xatırladaq ki, G.Kərimovanın “TeliaSonera”, “VimpelCom” və ya “МТС” kimi şirkətlərdən 1 milyard dollar rüşvət alması barədə məlumatlar jurnalist araşdırmasından sonra üzı çıxıb. (cebhe.info)
İnterpress.az
https://youtube.com/watch?v=YlrhNYULmI4