Reportaj hazırlayacaqdım deyə, jurnalist olduğumu gizlədirdim.
Qaranlıqda soyuq səki üzərində əyləşənlər dərdlərini danışır, göydə Allah, yerdə Mehriban Əliyevadan mədət umduqlarını gizlətmirdilər. Onların arasında dəxlisiz məsələlərlə bağlı müraciət edənlər də vardı, həqiqətən, köməyə ehtiyacı olanlar da. Təkcə o danışmırdı. Maraq məni bürüdüyündən, problemiylə maraqlandım. Dedi ki, adi və həlli çox sadə problemi var. Hətta rayon səviyyəsində, ancaq yiyəm, sahibim yoxdur deyə, gəlib Mehriban Əliyevaya müraciət etməli olmuşam. Gecə saat 12-dən səhər saat 11:00-dək qəbul prosesini izləyib ərazini tərk etdim. Reportajımı hazırlayıb, əhalinin daha çox nədən şikayətçi olduğu problemlərdən yazdım. Əksəriyyət bölgələrdə məmur özbaşınalığından, icra başçılarının laqeyd münasibətindən, işsizlikdən gileylənirdi…
Ötən həftə \”Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyində yenidən üzləşdik. Qarşısına çıxan hər kəsə yalvarırdı ki, Prezident İlham Əliyevə \”Açıq məktub” yazmaqda ona yardımçı olsunlar. Düşünürdüm ki, yəqin şikayəti ailə münaqişəsi zəminindədir. Cəmiyyətin sədri Mehriban Zeynalova səbrlə onu dinləyib, hüquqi yardım göstərməyə hazır olduğunu söylədi: \”Sevda xanım, şəhid ailəsinə kömək etmək hamımızın borcudur. Nə yardımı lazım olsa, dəstəyimizi əsirgəməyəcəyik. Məncə, sizə \”Açıq məktubu” jurnalist xanım hazırlasa, daha məqsədəuyğundur. Danışdıqları qarışıq olduğundan doğrusu, bir şey anlamadım. Problemin çoxluğundan hər şey bir-birinə qarışırdı…
Haradan başlayıb harada bitəcəyi də bəlli olmurdu. Nəhayət, əsas problemin SU olduğunu söylədi. Doğrusu, danışdığları ağlabatan olmadığından inanmağım gəlmirdi. Axı, hansı zəmanədə yaşayırıq? İndiki zamanda – özü də, hər yerdə artezian quyularının istifadə verildiyi məqamda – İmişlidə bir neçə ailənin, ümumiyyətlə, suyu olmasın. Dəfələrlə Gununsesi.info-ya telefon açdı. Dərdini danışdı. Dedim ki, gözlərimlə görməsəm, inanmaram. Bax, onda dedi ki, ailənin yeganə oğlu olan qardaşı Füzuli uğrunda gedən döyüşlərdə şəhid olub. Ermənilər şəhidin heç meyitini də verməyib. Evdə başıpapqlı adına yalnız 89 yaşlı xəstə atasıdır.
Şəhid ailəsinin yaşadığı, işıqsız, susuz daxma
Kövrəldim. Azərbaycan Silahlı Qüvvələr günündə Gununsesi.info-nun əməkdaşı olaraq, N saylı hərbi hissəyə gedəcəkdim, fikrimi dəyişib şəhid ailəsinə baş çəkmək qəraına gəldim. Saatlıdan həkimə gələn qonaqlarımıza qoşulub İmişliyə yollandım. Rayon mərkəzində Muradxanlı kəndinin Qışlaqlarının adını çəkəndə hamı üzümə təəccüblə baxırdı. İstiqaməti soruşduğumuz qoca kişi ünvanı dəqiq bildirəndən sonra dedi ki, sovet dönəmindən qalma bu maşın o əraziyə gedə bilməz, yol pis gündədir: \”Bu maşınla geri qayıtsanız, gərək sizə medal verələr” , – deyib zarafat da elədi.
Haqlıymış, Qışlağadək 15 km məsafəni 2 saat 18 dəqiqəyə qət elədik. Bəzi yerlərdə maşından düşür, arxasından itələyirdik. Nəhayət, ilan mələyən, çoban itlərinin zəncir çeynədiyi Qışlağın girəcəyində axtardığımız ünvanı tapdıq. Kaş tapmamış olsaydıq. Qamışın üzərinə çəkilən palçıq suvaqdan hazırlanan daxmanın pəncərəsini əvəz edən iki balaca dərçədən içəri düşən gün işığında üzəri dəlik-deşik, nimdaş, süni liflərdən hazırlanmış palaz, bir-iki döşəkçə və mütəkkədən, eləcə də bir kənarda ağacdan hazırlanan yük yerindən başqa gözə heç nə dəymirdi. İsti və bürkülü havada, milçək əlİndən tərpənmək olmurdu. Təəccüblə üzümə baxdı. Xəbərsiz gəlməyimdən həyəcan keçirirdi. Daxmanın suvağı qopan yerləri aşsüzəni xatırladırdı.Yayın payızı, qışı da var, axı. Bu insanlar burada necə yaşayırlar?
Otaqda 3 azyaşlı oğlan uşağı nimdaş paltarda, gözlərini iri-iri açıb şəhərdən gələn qonağa baxırdı. Əliboş getdiyimdən sıxıldım. Bir an düşündüm ki, əgər prezident İlham Əliyev şəhid ailəsinin yaşadığı, işıqsız, susuz daxmaya bircə dəfə baş çksəydi, əminəm ki, bu, İmişlinin icra başçısı Vilyam Hacıyevin sonu olardı. Axı, Vilyam Hacıyev vətən, dövlət üçün indiyədək nə edib? Müharibə şəraiti davam etsə də, şəhid ailəri həmişə diqqət mərkəzində olub. Müharibə şəraitində yaşayan Azərbaycanın hərbi büdcəsi işğalçı Ermənistanın dövlət büdcəsindən 4 dəfədən çoxdur.
Bu gün Azərbaycan müharibə nəticəsində qaçqın və məcburi köçkünlərə, şəhid və fiziki sağlamlığını itirən şəxslərin ailələrinə xüsusi diqqət ayırması danılmaz faktdır. Hər keçən gün qanunlara edilən mütərəqqi dəyişikliklərlə Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi zamanı döyüşlərdə fiziki sağlamlığını itirmiş vətəndaşlar, həmçinin Böyük Vətən müharibəsi əlilləri, hərbi xidməti vəzifəsini yerinə yetirərkən əlil olmuş şəxslər, 20 Yanvar və Çernobıl əlillərinin mənzil-məişət şəraitləri yaxşılaşdırılır. Şəhid ailələri və əlillərə mütəmadi olaraq yeni mənzillər, avtomobillər verilir. Onların müalicəsi üçün reabilitasiya mərkəzləri açılır. Müalicə olunmaq üçün xarici ölkələrə göndərilirlər.
Təəssüf ki, icra başçıları bu təbəqədən olan insanları incidir, onların problemləri ilə maraqlanmırlar. İmişli rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev də belə məmurlardandır. Vilyam Hacıyev nəinki, şəhid ailəsinin problemləriylə maraqlanmır, əksinə, öz ayağıyla qəbula gələn bu insanları dinləmir də. Quru torpağın üzərinə atılan nimdaş palazın üzərində əyləşən şəhid atası İsgəndər İmanov həyatdan küsüb: \”Bala, yeganə oğlumu erməni ilə döyüşə göndərəndə, alnımı da turşutmamışam. Mən bu torpaqda doğulub böyümüşəm. Sovet dönəmində fermanın çobanı olmuşam. Yayda yaylaqda olardıq. Havalar soyuyanda isə burada – bax, bu daxmanın yerindəki qazmada yaşayardıq. Ancaq suyumuz vardı.
Sovet dağılandan sonra fermalar əldən getdi. Aparan – aparanın oldu. Heç o vaxt da bu çətinliyi yaşamamışıq. İndi qonşunun zəbt etdiyi artezian quyusu bütün fermalara bəs edirdi. İllərdir suya həsrətik. Çıraq işığında otururuq. Eybi yoxdur. Amma susuz biz də, mal heyvan da qırılırıq, axı. Dəfələrlə dövlət orqanlarına müraciət etmişik. Səsimizi eşidən yoxdur. Yanımda iki subay ailə qurmamış yaşlı qızım var. Əgər onlar gedib vedrəylə 2 km uzaqdan su daşımasalar, burada qırılarıq. Yay hələ təzə girib, qızımı üç dəfə əqrəb sancıb. Qapı açıq qalan kimi ilanlar dolur içəri. Səhhətimdə ciddi problemlər var. İndiyədək dövlətdən şəhid ailəsi olduğumuza görə heç bir təmənnamız olmayıb. İndi də yoxdur. Yaşadığımız yerdə işığımız, qazımız, suyumuz yoxdur. Suyu bir kilometr məsafədən 1951-ci ildə qazılmış arteziandan ulaqla, yaxud əlimizdə gətiririk. 1994-cü ildən indiyə kimi nə özüm nə də qızım İmişli rayonunun heç bir icra başçısının qəbuluna düşə bilməmişik. 89 yaşım var, bir ayağım gordadır. İşıqsız, susuz çox çətindir. Mən ölsəm, bu qızların halı necə olacaq? Əgər oğlum sağ olsaydı, yəqin problemim də olmazdı” , – deyən şəhid atası əsən barmaqları ilə gözlərinin nəmini sildi.
\”Nə atam, nə də bacım uşaqları televizorun nə olduğunu bilmirlər”
Şəhidin bacısı Sevda İmanova isə deyir ki, işıq olmadığından soyuducuları, televizorları və elektriklə işləyən digər avadanlıqları heç vaxt olmayıb: \”Nə atam, nə də bizimlə yaşayan bacım uşaqları televizorun nə olduğunu bilmirlər. Soyuducu olmadığından, yayda bütün süd məhsulları xarab olur. Sağdığımız süd zay olur gedir, ən yaxın kənddən belə yol probleminə görə heç kim buraya maşın sürmür. 10 litr südü bazara aparmaq üçün 30 manat yol pulu verməliyik. Dəfələrlə sadaladığımız problemlərdən yalnız su üçün hazırkı icra başçısı Vilyam Hacıyevə müraciət etmişik, amma xeyri yoxdur.
Axırıncı dəfə Muradxanlı kəndinin icra nümayəndəsiylə mart ayında qəbuluna getdim. Dedi ki, gələrsiniz, qəbul edəcəm. O qəbul edən, edir. Hələ də gözləyirik. 2006-cı ildə İmişli rayon torpaq şöbəsinin müdiri Vüqar müəllimə müraciət etmişdik. Rüşvət istədi. Kişisiz evdir, çarəmiz kəsildi, min dollar və bir neçə baş heyvan verib yataq yeri aldıq. Amma, əslində, yerə görə pul verməməliydik. Sonradan qardaşı icra başçısıyla yaxın dost olan Mejdun Məmmədov həmin yataq yerimizi də əlimizdən alıb rayonun mərkəzində yaşayan qardaşı Nəcəfə verdi.
Vilyam Hacıyev az qalır qabağına qaça ki, Qədir müəllim, sizə nə qulluq edim?
Nəcəf Məmmədov rayonda Qədir adıyla daha çox tanınır, nüfuzlu adamdır. Vilyam Hacıyev az qalır onun qabağına qaça ki, Qədir müəllim, sizə nə qulluq edim? Əraziyə su çəkdirmək üçün borc-xərc aldığımız su boruları artezian quyusuna birləşdirlən an Mejdun Məmmədov gəlib söküb atdı. Zülmlə aldığımız su boruları da çürüyüb. Demirik ki, bizə yüksək şərait yaradın. Amma belə zülm etməzlər insana. Axı, biz də Azərbaycan vətəndaşıyıq. Normal yaşamaq bizim də haqqımızdır. Demirik ki, gəlin bu daxmanı sökün, yerində villa tikin. Yox, istəmirik, heç adi evi də.
Amma susuz yaşamaq olmur. Laçın qışlaqlarıyla aramız 800 metrdir. Heç olmasa, oradan işıq çəkmək olar. Biz axı, düşmən deyili, şəhid ailəsiyik.Təsəvvür edin ki, atam neçə illərdir işıq üzünə həsrətdir. O gün xəstəxanaya aparmışam. Dedi ki, gözümə işıq düşür. İşıq görmədiyindən gözləri qamaşırdı. Ailəmiz kimsəsizdir, arxamız yoxdur. Dörd bacıyıq, bir də atamız var, qardaşımız şəhid olub. Bəlkə də sağ olsaydı, indi bizim ora-bura qaçmağımıza ehtiyac olmazdı.
Biz heç nə istəmirik. Əgər su və işığa hüququmuz varsa, onu istəyirik. Bir də torpağımızı qaytarıb versinlər. Ölkə prezidenti cənab İlham Əliyevdən və mərhəmətli xanım Mehriban Əliyevadan bir xahişim var. Başa düşürəm ki, işləri çoxdur. Amma bir dəqiqəlik məni – şəhid bacısını, atasını dinləsinlər. Atam deyir ki, Şəhid atasının başına gətirilən müsibətləri onlara danışım, sonra oğluma qovuşum anadan olandan qışlaqda yaşayırıq. Yenə yaşayaq. Amma suyumuz olsun. İndiədək icra hakimiyyətindən heç süpürgəçi də gəlib bizimlə maraqlanmayıb. Heç bir başçıya bir ayda 4 teleqram vurulmur.
Yazmadığımız, demədiyimiz yer qalmayıb. Müraciətlərimizin baxılması üçün göndərildiyi icra hakimiyyətində cavablar sanki quyuya düşür. Sələmçi qonşumuz Yezid kimi oturub suyun üstündə. O artezan sayesində özünə yaşıllıq, balıqçılıq və digər təsərrüfat yaradıb. Biz isə onun 100 metrliyində sanki cəhənnəmə düşmüşük. Dəfələrlə xahiş etmişik. Gedib yaylığımı atdım qabağına. Dedim sənin oğlanların yanındadır. Mənim bircə qardaşım şəhid olub. Sudan istifadəyə mane olma, savab qazan. Cavabı məni şoka saldı. Dedi ki, sizin torpaqlarınız İrəvanda. Gedin, torpağınızı alın, suyunuzu da istifadə edin.
Atamın valideynləri 1915-ci ildə Ermənistandan qovulanlardandır. Bu qışlaqda doğulub. 8 yaşından qoyuna gedib. Arxalandığımız güvəndiyimiz prezident ilham Əliyevdir. H. Əliyeva Fondun prezidenti Mehriban Əliyevadır. 5 dəfə qəbulda olmuşam. Dərdimi demişəm. Yanımda Vilyam Hacıyevə zəng etdilər ki, şəhid ailəsini qəbul et, problemini həll elə. Baş üstə dedi. Elə orada da ilişdi qaldı. Ancaq 3 il bundan əvvəl Fondun təzyiqindən sonra icra hakimiyyətindən zəng etdilər ki, su borularını alın çəkdirin. İcazəsini almışıq. 1000 metr boru aldıq. Yenə Məjdun Məmmədov boruları dartıb sındırdı. Qoymadı borular suya birləşdirilsin. Fonddan, Prezident Aparatından və müraciət etdiyimiz hər yerdən cavab gəlir, amma Vilyam Hacıyev nə prezidentin, nə də Mehriban Əliyevanın göndərdiyi cavabları saya salmır. Onlara söz verir, amma bizi qapıdan içəri də buraxmır.
Əfatun müəllim Vilyam Hacıyevə zəng etdi ki, şəhid ailəsini incitməyin
Elə bil ki, Vilyam Hacıyev Məjdundan çəkinir. Elə o da deyir ki, mən icra başçısı-filan tanımıram. Pulun varsa, hamısı qabağında qul kimi dayanacaq. 800 hektar ərazisi olan Məjdun Məmmədov torpaq şöbəsinin müdirinə pul, qoyun verib aldığımz torpağı da zəbt elədi. 80 hektar ərazidə şəkər çuğunduru əkdilər. Birinci il məhsul götürdülər. İkinci il isə, dərmanladılar. 14 baş heyvanımız zəhərlənib öldü. Qorxumuzdan, heç kimə deyə bilməzdik, rəhmətlik anam dedi ki, biz qadınıq, hara gedək, kimə deyək? Gedərsiniz, şərləyərlər sizi. Anam insult keçirdi öldü. Axırıncı dəfə Prezident Aparatında daxili nömrəylə zəng etdim Əflatun müəllimə. Elə dəstək qulağımdaykən Əfatun müəllim Vilyam Hacıyevə zəng elədi ki, şəhid ailəsini inctməyin.
Nə zəmanədir. Su çəkin, kömək edin. Vilyam Hacıyev da dedi ki, yaxşı gəlsin. Amma indiyədək qəbuluna düşmək mümkün deyil. Vallah nazirlərin heç olmasa qəbul günləri var. Bizim icra başısının isə sadə vətəndaşı qəbul etdiyini görən olmayıb. Belə zənglərin birində icra nümayəndəmiz İsabalı Osmanova dedi ki, bayramdan sonra gətir, rahat qəbul edəcəm. Amma bu da söz olaraq qalıb. Biz maddiyyat istəmirik. Yaşadığımız şəraitin dözülməzliyini də keçirik. Ay mənim hökümətim, ay mənim dövlətim, axı biz sizdən çox şey istəmirik. İndi evdə kişi yoxdur deyə, ölməliyik və dözməliyik? Ağzımızı açanda da deyirlər ölüb gedəcəksiniz, kimə qalacaq? Ölənədək susuz yaşamalıyıq? Biz öləndə dövlətə qalar. Ölənədək biz də insan kimi yaşayaq. Özümüz cəhənnəm, heyvanların da qabağında üzüqara qalmışıq. Heyvanımız 17 gün susuz qaldı. Gün ərzində cəmi 1 flyaq suyumuz gəsin, amma gəlsin. Müharibə vaxtı 3 oğlunu gizlədən Mejdun Məmmədov yeganə oğlunu şəhid verən ailəyə zülm edir. Polis rəisinə müraciət etdik ki, bizi qoru, qadınıq, üstümüzə gəlir. Əlində bel-kürəklə gəlir, qapımzı təpiklə açır. Baxan olmadı. Biz elə əvvəldən burada olmuşuq. Atam 89 il, bax, burada yaşayır, o isə sonradan gəlib. Heç kimin ixtiyarı çatmaz ki, gəlib oradan 1 metr torpaq versin.
Qardaşım Zöhralının məzarı belə yoxdur
Suya həsrət qoyub bizi. Vedrəylə də götürməyə qoymur. Torpaq şöbəsinin müdiri dedi ki, iki KamAZ maşın göndərim, doldurun arxasını qoyunla gondərin, sizə də su verdirim. Cəmi 14 qoyunumuz var idi. Hamısını verdik. Yazdığınzı oxuyandan sonra icra başçısı Vilyam Hacıyevin qara siyahısına düşəcəyik. Deyəcək ki, niyə gedib şikayət etmisnz, bəs neyləyək? Bizi çıxartsınlar Azərbaycan vətəndaşlığından, qovsunlar ki, şəhid ailəsinin hüquqlarını qorumuruq. Çıxaq gedək. Amma hara gedək, axı bura bizim vətənimizdir. 7 baş ailəyik. Hamımız əlimizi göyə açıb yalvarırıq.
Qardaşım Zöhralının məzarı belə yoxdur. Milli Məclisə seçkilər başlayanda deputat olmaq istəyən namizədlərdən biri, qardaşım kimi məzarı olmayan şəhidlərə belə bir abidə düzəltdirdi. Seçilmədi deyə, ardını davam etdirmədi. Yenə sağ olsun, arada gedib o abidənin qarşısında dayanır, ağlayıb ürəyimizi boşaldırıq. Məzar əvəzidir bizə…”, – deyən şəhid bacısı bir yumub, beş tökür göz yaşlarını.
Nə deyəcəyimi bilmirəm. Ailəsi sususzluqdann, evsizlikdən əziyyət çəkən şəhidin ailəsinə belə münasibətin şahidi olmaq çox ağırdır. Oğlunu Vətənə qurban vermiş 89 yaşlı atanın aşsüzənə dönmüş qamış daxmada yaşaması ürək dağlayır. Bu ailədən fərqli olaraq, rayonun icra başçısı Vilyam Hacıyev on milyonluq villada yaşayır, oğlu Məhəmməd Hacıyev isə bir-birindən bahalı maşınlar sürür. Budurmu ədalət? Vilyam Hacıyev bu Vətən, dövlət üçün nə edib? Amma daxmada yaşayan atanın oğlu canını Vətən yolunda fəda edib. Bu gün yaxşı evdə yaşamaq, bahalı maşınlarda gəzmək, hər kəsdən öncə, məhz, şəhid ailəsinin haqqıdır. Axı, şəhid ailəsi Vilyam Hacıyevin Bakıda milyonlarla dəyəri olan, Bakının \”milyonerlər” məhəlləsindəki villalarının açarını istəmir, İmişlinin ilan mələyən düzündə hər bir vətəndaşın haqqı olan su istəyir. Sadəcə su…
Bu gün şəhid ailəsini susuz yaşamağa məhkum edənlər, sabah yenidən döyüş başlasa, övladlarını xaricə qaçıracaq. Bu Vətəni, atası suya, işığa, normal komaya həsrət qalan oğullar qoruyacaq. Bunu unutmayın, cənab məmurlar. (Gununsesi.info)
İnterpress.az