Türkiyədəki çevriliş cəhdindən sonra ABŞ hökuməti bu ölkədəki nüvə silahlarından narahatdır və artıq bu haqda təşvişli açıqlamalar verilməkdədir. Belə ki, ABŞ Türkiyədəki çevrilişə gizli dəstək verməkdə günahlandırılır. Qiyamdan sonra İncirlik bazasında saxlanılan nüvə başlıqlarının taleyi ciddi sual altındadır.
“Foreign Policy”də dərc olunan məqalədə müəllif Cefri Levis İncirlik bazasındakı silahların təhlükəsizlikdə olmadığını yazıb. Məqalə müəllifinin iddiasına görə, nüvə başlıqları İncirlik bazasında olsa belə, Türkiyə bundan istifadə edə bilməz: “ABŞ-a aid nüvə başlıqları yerin altında saxlanılır. ABŞ və NATO bu silahların qorunması üçün son illərdə 160 milyon dollar xərcləyib. Silahları əldə etmək istəyənlər təhlükəsizlik kodlarını mütləq bilməlidirlər. Bu mərhələni keçmək isə heç də asan deyil. Yəni silahlar ciddi qorunur. Həmçinin İncirlik bazasındakı nüvə başlıqlarından Türkiyə istifadə edə bilməz, çünki Türkiyənin belə təyyarələri yoxdur”.
ABŞ-Türkiyə münasibətlərindəki gərginliyi artıran əsas məsələ Fətullah Güləndir. Məlum olduğu kimi, Türkiyə hökuməti ABŞ-la münasibətlərin normallaşmasının qarşılığında hərbi çevrilişə rəhbərlik etməkdə ittiham olunan Fətullah Gülənin Ankaraya verilməsini istəyir. Lakin ABŞ Fətullah Güləni verməkdə tələsmir. Təbii ki, nüvə başlıqlarının Türkiyədəki hərbi bazada olması ABŞ-ı seçim qarşısında qoya bilər; “ya Güləni verin, ya nüvə başlıqlarını aparın” kimi… Bəs görəsən, ABŞ administrasiyasi nəyi seçəcək, nüvə başlıqlarını, yoxsa Fətulla
Politoloq, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirdi ki, etiraf olunmasa da, Türkiyədə İncirlik hərbi bazasında nüvə silahlarının olması ehtimalı böyükdür: “Türkiyədə Amerikanın İncirlik hərbi bazasında nüvə silahlarının olub-olmadığı çox dar bir çərçivədə bilinir. Çoxları elə bilir ki, həqiqətən orada belə silahlar var. Ancaq heç kim etiraf etməz. Ötən əsrin 60-cı illərində də Karib böhranı yaşanmışdı. O zaman SSRİ gizli surətdə Kubada raketlər yerləşdirməyə çalışırdı. Lakin Amerika hökumətinin bundan xəbəri oldu və qarşısını aldı. Amerika SSRİ qarşısında tələb qoydu ki, Kubadan raketlərini geri çəksin, o zaman SSRİ-nin də tələbi bu oldu ki, Amerika da Türkiyədəki nüvə raketlərini yığışdırsın. O zaman Amerika buna razılaşmışdı və raketləri də yığışdırdı. Lakin görünür, sonradan İncirlik hərbi bazasında nüvə başlıqlarının qalmasına icazə verib. Çünki ”soyuq müharibə\” hələ bitməmişdi, ABŞ-la SSRİ arasında çox gərgin münasibətlər var idi. Ona görə də Türkiyədə nüvə başlıqlarının olması Amerikaya vacib idi. Türkiyənin özünə də bu lazım idi, çünki SSRİ-dən təhlükə gözləyirdi. İndi də Türkiyədə bəzi hakimiyyətə gələnlər Amerikaya tənqidlər yağdırırlar, elə Ərdoğanın özü də. Düzdür, etiraz etməsələr də özləri də bilirlər ki, Türkiyədə nüvə başlıqları var. Bu, iki dövlət arasında strateji əlaqələrdən irəli gəlir\”.
Türkiyə ilə münasibətləri qorumaq üçün ABŞ-ın yeganə yolu Fətullah Güləni bu ölkəyə təslim etməkdir: “Son zamanlar Suriya məsələsinə görə Türkiyə-Amerika münasibətlərində soyuqluq əmələ gəlib. Türkiyə həm də ondan narahatdır ki, ABŞ Suriyadakı silahlı kürd qruplaşmalarına dəstək verir. Həm də çevriliş cəhdi də münasibətlərdə soyuqluq yaratdı. Türkiyədə müəyyən qüvvələr düşünür ki, bu çevriliş məsələsində Amerikanın da əli var. Doğrusu, mən Amerikanın Türkiyədə çevrilişə dəstək verdiyini ehtimal etmirəm. Çünki çevriliş Türkiyədə vətəndaş müharibəsinə yol açacaqdı. Türkiyə Suriya və İraqa çevrilə bilərdi. Bu, Amerikanın nəyinə lazımdır? Amma iki məsələ var ki, bu, Türkiyədə Amerika ilə bağlı müzakirələrin səngiməyəcəyindən xəbər verir. Birincisi, Türkiyədə hərbi çevrilişi planlayan ”FETO qruplaşması\”nın başçısı Fətullah Gülən ABŞ-da, Pensilvaniya ştatında yaşayır, bu, şübhələrə əsas verir. İkincisi, Türkiyənin istəklərinə rəğmən ABŞ hökuməti Fətullah Güləni vermək istəmir. Bu iki səbəbə görə Amerikanın adı Türkiyədə hallandırılır. Hazırda ABŞ çox çətin seçim qarşısındadır. Mənə elə gəlir ki, onlar Fətullah Güləni qaytarmayacaq. Çünki Fətullah Gülənlə illərdir çox sıx münasibətləri var\”.
E. Şahinoğlu vurğuladı ki, ABŞ Fətullah Güləni Türkiyəyə vermədikcə, özü də problemlər yaşayacaq: “Birincisi, bölgənin əsas dövlətlərindən biri olan Türkiyə artıq bəzi qərarlar verərkən Amerika ilə məsləhətləşməyəcək. İkincisi, Türkiyə Rusiya ilə yaxınlaşa bilər. Artıq Türkiyə-ABŞ münasibətlərinin soyumasından Rusiya çox məharətlə istifadə etməyə başlayıb. Təsadüfi deyil ki, avqust ayının əvvəlləri üçün Putin Ərdoğanı Sankt-Peterburqa dəvət edib. Bir nəfərə görə ABŞ-ın Türkiyə kimi bir dövlətlə münasibətləri soyuya bilər və bölgədəki maraqlarına ziyan dəyə bilər.
Amerika təbii ki, Fətullah Güləni də qaytarmaq istəmir. Çünki o, çox sirlər bilir və bu sirləri Türkiyədə məhkəmədə aça bilər. Əsas məsələ odur ki, ABŞ Türkiyənin onun strateji tərəfdaşı olaraq qalmasını istəyirmi? Çünki əvvəllər ancaq Türkiyə hakimiyyəti Fətullah Güləni ittiham edirdisə, indi bütün Türkiyə siyasi partiyaları ittiham edir. Türkiyədə bütün cəmiyyət inanır ki, bu çevrilişin arxasında Fətullah Gülən və paralel yapısı dayanır. ABŞ üçün ən yaxşı çıxış yolu bütün riskləri gözə alaraq Fətullah Güləni Türkiyəyə təhvil verməkdir\”. (musavat)
İnterpress.az