Almaniyanın Şimali Reyn Vestfaliya Əyalətinin Düsseldorf şəhərində “Erməni terroruna və işğalına yox” adlı yürüş keçirilib.
İnterpress.az xəbər verir ki, şəhər rəhbərliyi ilə razılşadırımış yürüş dəmir yolu vağzalı qarşısından start götürüb.
Almaniyanın müxtəlif əyalətlərindən yürüşə qatılmaq üçün gələn həmvətənlərimiz əllərində bayraqlar və şüarlar yazılı plakatlarla polis əməkdaşlarının müşaiəti ilə təyin olunan məntəqəyə doğru hərəkət ediblər.
Yol boyunca “Qarabağ Azərbaycandır!”, “Erməni terroruna yox!”, “Azərbaycan var olsun, istəməyən kor olsun”, “Azərbaycan-Türkiyə”, “Xocalıya ədalət”, “Şəhidlər ölməz, Vətən bölünməz” və s. şüarlar Azərbaycan və alman dilində səsləndirilib.
Toplanış üçün təyin olunan yerə çatan yürüş iştirakçılarından bəziləri söz alaraq çıxış ediblər. Onlar qeyd ediblər ki, Ermənistan silahlı qüvvələrinin azərbaycanlı mülki əhalini hədəfə alan təxribatlara, eyni zamanda illərdir bu ölkənin Azərbaycan torpaqlarını qanunsuz olaraq işğal altında saxlamasına diqqəti çəkmək üçün daha çox iş görülməli, bu tip yürüşlər mütamadi olaraq keçirilməlidir.
Yürüşə Almaniyada fəaliyyət göstərən Azərbaycan və Türkiyə dərnəkləri də dəstək veriblər.