Tatarıstanın Mədəniyyət naziri: İradə Əyyubova kimdir? – Dosyebackend

Tatarıstanın Mədəniyyət naziri: İradə Əyyubova kimdir? – Dosye

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Haqqında internetdən məlumat əldə etdiyimiz şəxs Rusiyanın məşhur simalarından biridir.

İradə Əyyubova 1971-ci il iyulun 13-də Bakıda anadan olub və burada böyüyüb.

Müsahibələrindən birində ailəsi haqda bunları deyib:

“Anamın anasının valideynləri XIX əsrin sonunda, anamın atası isə XX əsrin əvvəllərində Bakıya köçüb. Kökləri Mordoviyaya, Romodanovski bölgəsinə gedib çıxır. Babam Umyar Nevlyutov uzun illər Bakının neft mədənlərində işləyib. Anam 1945-ci ildə Bakıda anadan olub. Ailələrinin altı uşağı olub, ancaq yalnız üç bacı sağ qalıb.

Anam 17 yaşında Kazana gedib. Əvvəlcə Kimya Texnologiyaları İnstitutunda, daha sonra Kazan Dövlət Universitetinin Filologiya fakültəsində – atamla tanış olduğu yerdə oxuyub. Atamın kökləri Tatarstanın Nurlat bölgəsinə bağlıdır. Atam anamla evlənmək üçün üç il cəhdlər edib. Evlənməyin şərtlərindən biri də onun ailəmizin yerləşdiyi Bakıda yaşaması olub. Anam Azərbaycan məktəbində rus dilindən dərs verib, atam radio zavodunda mühəndis işləyib”.

Azərbaycan Dövlət Neft Akademiyasını mühəndis-riyaziyyatçı ixtisası üzrə bitirib.

Tatarıstana köç

İradə Əyyubova əri və kiçik qızı Sofiya ilə birlikdə 1993-cü ildə Bakıdan Nijnekamsk şəhərinə köçüb. 2002-ci ildə burada Tatarıstan Biznesə Təşviq İnstitutunda hüquqşünas təhsili üzrə diplom alıb. 1994-1998-ci illərdə Nijnekamskda “Nijnekamskşina” ASC-nin mühəndis proqramisti, 1998-2000-ci illərdə isə “Nijnekamsk” Kommersiya Mərkəzinin baş mütəxəsisi olub.

2000-ci illərin əvvəllərində ailəsi ilə birlikdə Tatarıstanın paytaxtına – Kazana gələn Əyyubova burada bir çox vəzifələrdə işləyib. 2000-2004-cü illərdə Rusiya Biznesə Dəstək Komitəsinin Kazan şöbəsində komitə sədrinin müavini, 2004-2005-ci illərdə Kazan şəhər administrasiyasının kadrlar şöbəsinin müdiri, 2005-2006-cı illərdə Biznesə Dəstək Komitəsinin Kazan şöbəsinin sədri, 2006-2008-ci illərdə isə Tatarıstan İqtisadiyyat Nazirliyinin şöbə müdiri vəzifələrini tutub.

Karyerada yüksəliş

2008-ci ildə karyerasında yüksəliş başlayıb – Tatarıstan Təhsil Nazirliyindəki şöbə müdiri vəzifəsindən mədəniyyət nazirinin müavini postuna göndərilib. Əyyubovanı yeni vəzifəsinə namizədliyini o vaxt iqtisadiyyat nazirinin birinci müavini olan Alevtina Kudryavtseva irəli sürmüşdü. Beləliklə, 2008-2011-ci illərdə Tatarıstan mədəniyyət nazirinin müavini, 2011-2015-ci illərdə mədəniyyət nazirinin birinci müavini, 2015-2016-cı illərdə Tatarıstan Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsinin rəisi, 2016-2018-ci illərdə Tatarıstan Dövlət Arxiv İşləri Komitəsinin sədri olub.

İradə Əyyubova 2014-cü ildə “Tatarıstan Respublikasının əməkdar iqtisadçısı” adına layiq görülüb. Həmin il Rusiya Federasiyası Prezidenti yanında Rusiya Xalq Təsərrüfatı və Dövlət İdarəetmə Akademiyasında hazırlıq keçib.

Mənimsəmə faktının ifşası

Əyyubova mədəniyyət nazirinin birinci müavini olarkən Tatarıstanda mədəni tədbirlərin təşkilində göstərdiyi fəallıqla yanaşı, böyük bir mənimsəmə faktının üstünün açılmasında da iştirak edib.

Hadisə 2013-cü ildə Nadejda Babkinanın konsert prodüseri Vitali Yelkinin Tatarıstanda yaratdığı qalmaqal zamanı baş verib. Yelkin həmin il ortağı Mixail Mannanovla qanunsuz dövlət müqaviləsi əldə etməyə çalışıb. Məqsəd Tatarıstan Mədəniyyət Nazirliyinin bir sıra şou proqramlar üçün ayırdığı 39 milyon rublu mənimsəməkdi. Yelkin saxta müqavilə hazırlayaraq, proqramı 5 milyon rubla yola vermək istəyib. Yelkinin bununla bağlı danışıqlarını qeydə alan İradə Əyyubova fırıldağı təhlükəsizlik strukturları qarşısında ifşa edib.

Bakılı nazir

Kazanda on il müxtəlif yüksək vəzifələrdə işləyən İradə Əyyubova 2018-ci il mayın 3-də Tatarıstan mədəniyyət naziri təyin olunub. O, bu postda Ayrat Siqabutillini əvəz edib.

2019-cu ildə Tatarıstan, 2020-ci ildə isə Rusiya prezidentinin təşəkkürnamələri ilə təltif olunub.

 

İnterpress.az