Paşinyanın “artsax”dan imtina mesajı: O, Azərbaycanın ərazi bütövlüyünü tanımağa yaxındırbackend

Paşinyanın “artsax”dan imtina mesajı: O, Azərbaycanın ərazi bütövlüyünü tanımağa yaxındır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rəsmi İrəvan “Dağlıq Qarabağ” mövzusunun Ermənistanı əzən ağır yük olduğunu qəbul etməyə başlayıb; Paşinyan hakimiyyəti ölkədaxili iğtişaşlardan çəkinsə də, erməni toplumuna Ermənistanın gələcək taleyinin məhz bu “yük”dən xilasa bağlı olduğunu izah etməyə çalışır… Ermənistanda ölkədaxili siyasi ziddiyyətlər dərinləşməkdə davam edir.

InterPress-in musavat.com-a istinadən məlumatına görə, Ermənistan müxalifəti Paşinyan hakimiyyətinə qarşı təzyiqləri mümkün qədər sərtləşdirməyə çalışır. Və bu səbəbdən də Ermənistanda hər an növbəti kütləvi iğtişaşların başlaya biləcəyi tamamilə inandırıcı görünür.
Məsələ ondadır ki, Ermənistan müxalifəti Paşinyan hakimiyyətindən “Dağlıq Qarabağ münaqişəsi” ilə bağlı danışıqların nəticələrini açıqlamağı tələb edir. Halbuki, 44 günlük savaşdan sonra rəsmi Bakı “Dağlıq Qarabağ münaqişəsi”nin tamamilə həll olunduğunu bəyan edib. Və təbii ki, bu mövzuda da hər hansı danışıqlar aparılmır.
Ancaq erməni müxalifəti bu mövzudan yenə də öz siyasi məqsədləri çərçivəsində istifadə etməyə can atır. Hətta Paşinyan hakimiyyətinə qarşı etirazlara qatılan kütlənin Ermənistan Xarici İşlər Nazirliyinin inzibati binasına daxil olması barədə də məlumatlar mövcuddur. Və bu, Ermənistanda siyasi hakimiyyətin nə qədər zəif olduğunu göstərir.

Maraqlıdır ki, Paşinyan hakimiyyətinə yaxın dairələrdən Ermənistan mətbuatına sızan məlumatlara görə, rəsmi İrəvan “Dağlıq Qarabağ münaqişəsi” ilə bağlı mövzunun artıq qapandığını qəbul edir. Ancaq bu barədə açıq mətnlə mövqe bildirməyə cəsarət etmir. Çünki bu halda, Ermənistanda ölkədaxili siyasi ziddiyyətlərin açıq qarşıdurma, hətta toqquşma mərhələsinə keçə biləcəyindən ehtiyatlanır.

Ona görə də, Paşinyan hakimiyyəti Azərbaycanla əldə olunan anlaşmaların icrasından bütün vasitələrlə yayınmağa üstünlük verir. Bununla belə, əvvəl-axır “Dağlıq Qarabağ münaqişəsi” mövzusunda daha açıq mətnlə izahat verməli olacağını da anlayır. Və bu səbəbdən də, Ermənistan cəmiyyətini tədricən əvvəlcədən buna hazırlamağa çalışır.

Məsələ ondadır ki, baş nazir Nikol Paşinyanın Ermənistan parlamentinin qapalı toplantısında verdiyi son açıqlamalar əvvəlcə siyasi elitanın, daha sonrasa, erməni toplumunun yaxın gələcəkdə baş verəcək proseslərə ilkin hazırlıq cəhdi kimi dəyərləndirilir. Həmin toplantıda erməni baş nazir vurğulayıb ki, 2016-çi ildə danışıqlar prosesində “Dağlıq Qarabağ” Azərbaycanın tərkibindən kənarda qalmaq imkanlarını tamamilə itirib. Onun fikrincə, müxalifət hakimiyyəti davamlı ittiham etsə də, 2018-2020-ci illər dövründə iqtidarda olsaydı, müharibədən yayınmaq üçün hansı addımları ata biləcəyi barədə qətiyyən danışmır.

Belə anlaşılır ki, erməni baş nazir öz siyasi rəqiblərinə və Ermənistan cəmiyyətinə “Dağlıq Qarabağ”ın hələ onun hakimiyyətə gəlişindən xeyli əvvəl itirildiyinin mesajını verməyə çalşır: “Müharibədən yayınmağın yeganə yolu “Dağlıq Qarabağın statusunu müəyyən etmədən torpaqların geri qaytarılmasından ibarət idi. Biz hakimiyyətə gələrkən, danışıqlar prosesinin nəticələrinə görə, “Dağlıq Qarabağ”ın Azərbaycanın tərkibindən kənar mövcudluğu üçün hətta nəzəri imkanlar belə, qalmamışdı. Bu, həm ordunu, həm də bütün ölkəni talan edən və bizdən öncə hakimiyyətdə olan qüvvələrin günahı ucbatından baş vermişdi”.

Digər tərəfdən, erməni baş nazir “status” mövzusuna da aydınlıq gətirməyə çalışıb. O, bildirib ki, “Qarabağ erməniləri”nin hansı bölgədə “status” ilə bağlı referendum keçirə biləcəkləri heç bir sənəddə qeyd olunmayıb: “Dağlıq Qarabağ”ın yekun statusu onun müstəqilliyi anlamına gəlmir. Bunun əksini iddia edənlərin hansı hüquqi sənədlərə əsaslandıqları məlum deyil. Mən referendum mövzusunun çox qarışıq məsələ olduğunu artıq demişəm. Çünki onun məhz Dağlıq Qarabağ ərazisində keçiriləcəyi qətiyyən qeyd olunmayıb. Yəni, referendumun keçirilməli olduğu ərazi belə, dəqiqləşdirilməyib. Üstəlik, Dağlıq Qarabağ azərbaycanlılarının da iştirak etməsi nəzərdə tutulmuşdu”.
Göründüyü kimi, erməni baş nazir “Dağlıq Qarabağ” mövzusunun artıq qapandığını Ermənistan cəmiyyətinə anlatmağa çalışır. Üstəlik, bu mövzuda geriyə gönüşün mümkün olmadığına işarə vurmaqla yanaşı, bu məsələdə heç bir şansın artıq qalmadığına da dolayısı ilə eyham vurur. Bu baxımdan, Ermənistanın revanşist və radikal siyasi qüvvələrinin bu mövzuda göstərdikləri can-fəşanlığın elə bir ciddi əhəmiyyət daşımadığı qətiyyən şübhə doğurmur.

Əksinə, daha heç vaxt müzakirə edilməyəcək “Dağlıq Qarabağ” mövzusu indi Paşinyan hakimiyyəti üçün siyasi-ictimai yük rolunu oynayır. Üstəlik, bu yük Ermənistanın daha önəmli digər regional problemlərin həllinə nail olmasını da əngəlləyir. Yəni, Paşinyan hakimiyyəti də anlayır ki, Ermənistan hazırda süni və heç bir nəticəsi olmayacaq “Dağlıq Qarabağ yükü”nün altında əzilməkdədir. Əgər, rəsmi İrəvan ən yaxın vaxtlarda bu yükü Ermənistanın çiynindən atmağa nail olmazsa, bu ölkə ümumiyyətlə, regional blokada da “boğulub”, tamamilə tənəzzülə uğraya bilər.
Bütün bunlar onu göstərir ki, Ermənistan üçün köhnəlmiş siyasi-ideoloji çağırışlardan uzaqlaşmağın zamanı çatıb. Hətta rəsmi İrəvan bu məsələ ilə bağlı kifayət qədər zaman itirib və bu, Ermənistanın gələcək taleyini təhlükə altında buraxır. Bu baxımdan, yeni geopolitik şərtlərə qarşı çıxmaq əvəzinə, mövcud vəziyyətlə barışıb, ona uyğun davranmaq – Azərbaycanın ərazi bütövlüyünü tanımaq Paşinyan hakimiyyəti üçün daha cəlbedici xarakter daşıyır. Sadəcə, Ermənistanda böhranlı situasiya hökm sürdüyündən Paşinyan hakimiyyətinin buna hələlik cəsarəti və siyasi iradəsi çatmır.