Azərbaycan Dövlət Akademik Musiqili Teatrının kollektivi Mədəniyyət Nazirliyinin teatr sektorunun əməkdaşları ilə birlikdə Xalq artisti Nəsibə Zeynalovanın Fəxri xiyabandakı məzarını ziyarət ediblər.
İnterpress.az xəbər verir ki, mərhum sənətkarın xatirəsi ehtiramla anılıb, məzarı üstünə güllər düzülüb.
Akademik Musiqili Teatrın direktoru Əliqismət Lalayev bildirib ki, bu gün Nəsibə Zeynalovanın anadan olmasının 106-cı ildönümü tamam olur.
O qeyd edib ki, bu yaxınlarda “Qaynana” tamaşasının məşqlərinə başlayacaqlar: “Tamaşanı Əməkdar incəsənət xadimi Əsgər Əsgərovun quruluşunda səhnədə yenidən görəcəyik. Sözlərimi həm məsuliyyətlə, həm həyacanla qeyd edirəm ki, bu tamaşaya Nəsibə xanımdan sonra müraciət olunmayıb. Qaynana obrazını kim oynayacaq? Hələ bu barədə də məlumat verməyəcəm, qoy sürpriz olsun. Daha bir tamaşa da hazırlanır, amma pandemiya dönəmində teatrların uzun fasilədə olması işlərimizi yarımçıq qoydu. Teatrsevərlər “Hicran” musiqili komediyasını yenidən səhnədə görəcəklər. Onun quruluşçu rejissoru Əməkdar artist Qurban Məsimovdur. Nəsibə xanıma həsr olunan bu tamaşalar bizim teatrda öz layiqli yerini qoruyacaq”.