Belə ki, o vaxtının böyük hissəsini biznes layihələrinə, SOCAR-ın kadr məsələlərinə və xaricdəki biznes şəbəkəsinin inkişafına sərf edir. Məhz buna görədir ki, hazırda Neft Şirkətinin daxilində güclü çalxalanma gedir və yekunda bu da ölkəmizin neft siyasətinə mənfi təsirini göstərir. Əlbəttə, Mikayıl İsmayılov kimi var-dövlət həvəskarının belə məsul postda hələ də saxlanması başadüşülən deyil.
Şirkətin rəhbərliyi bilməlidir ki, vitse-prezidenti dövlətin və çalışdığı qurumun maraqları deyil, sırf şəxsi mənafeyi maraqlandırır.
Diqqət yetirsək görərik ki, İsmayılov tutduğu vəzifənin verdiyi səlahiyyətlərdən sui-istifadə etməklə özünə böyük biznes ittifaqı yaradıb. SOCAR-ın əsas söz sahiblərindən olan Mikayıl İsmayılov şirkətdə özünə bir neçə yaxın adam seçərək onların vasitəsilə qaranlıq maliyyə işlərini həyata keçirir.
Onlardan biri bir neçə ay əvvəl haqqında sensasion məlumatlar yayılan Qiymət Mehdiyev idi. Mətbuatda yazılanlara görə, Qiymət Mehdiyev Türkiyədə bir neçə villa almışdı.
Amma himayəçisinin, yəni Mikayıl İsmayılovun məsələyə müdaxiləsindən sonra Qiymət Mehdiyevin başının üzünü alan qara buludlar dağıldı. Və bu məsələ mətbuatın gündəmindən çıxdı.
İndi isə vitse-prezidentin başqa bir adamının adı medianın gündəmini zəbt etməyə başlayıb. Yayılan məlumatlara əsasən, Mikayıl İsmayılovun ən yaxın adamlarından biri hesab edilən Ceyhun Canıyev özbaşına işlərlə məşğul olur. İddialara görə, Ceyhun Canıyev iş adamlarından birindən 350 min dollar alaraq onu SOCAR-da tenderə salacağını vəd edib: «Əvvəl Ceyhun Canıyev söz verdi ki, hər ay bizim şirkəti 1 milyon dollarlıq tenderə salacaq, ancaq bu olmadı. Sonra isə bu söhbətin üstündən 5 ay keçməyini görüb və bizim narahatçılıq keçirməyimizi hiss edərək mənimlə görüşdü və dedi ki, SOCAR-a 14 milyon dollar qiymətində aparat verilməlidir, o malın maya dəyəri isə cəmisi 2-3 milyondur. Mən istəyirəm ki, siz ofşorda şirkət açasız və həmin mal siz tərəfdən SOCAR-a verilsin. Ceyhunun sözlərinə görə, o aparat Çindən gəlir, ancaq üstündə Norveçin istehsalı olduğu yazılır.
Həmin aparat dənizdə neftçıxarma yerlərində işlədilir».
Qeyd edək ki, bu söhbətdə Mikayıl İsmayılovun müavini Cəbrayıl Cəbrayılov da iştirak edib. Belə ki, Ceyhun Canıyev həmin iş adamını vitse-prezidentin müavini ilə görüşdürüb: «Hətta məni şirnikləndirmək üçün vəzifə də təklif etdilər. Dedilər ki, Rövnəq Abdullayevin Mehman adında qohumunu SOCAR-ın təchizat şöbəsindən çıxarıb, səni onun yerinə təyin edəcəyik.
Bir neçə dəfə Cəbrayıl Cəbrayılovun yanına gedib-gəldim, ancaq sonradan Ceyhun Canıyev mənə zəng edib evinə dəvət etdi. Onun yaşadığı villa Nərimanov rayonunun ərazisində İsmayıl Hidayətzadə küçəsində yerləşir. Həmin ünvanda Mikayıl İsmayılovun villası da böyür-böyürə dayanıb. Ordakı villaların bu şəxslərə aid olduğunu da mənə Ceyhun Canıyev dedi. Sonra o məni evinə dəvət elədi evin aşağı mərtəbəsindəki qarajda “Rolls-Royce”, “Bentley” və bir neçə təzə “Mercedes” markalı avtomobillərini mənə göstərdi.
Avtomobillərin ümümi dəyəri bəlkə də 3-4 milyon dollar olardı. Ancaq “Rolls-Royce” və “Bentley”in nömrəsini mən yadda saxladığım üçün, sonradan öyrəndim ki, həmin avtomobillər Ceyhun Canıyevin həyat yoldaşının adınadır. O, mənə bu avtomobilləri göstərərək bildirmək istəyirdi ki, bizim onda qalan 350 min dollar pulumuz “balaca pul”dur.
Mən onun qonağı olub villasının qarajında oturub çay içəndə onun danışıqlarını da telefonuma yazmışam. O, hər dəfə dönə-dönə mənimlə söhbətdə Cəbrayıl Cəbrayılovun adını çəkir. Sonra mən gördüm ki, bu şəxs ancaq vaxt udmaqla məşğul olur. Və ondan pulumuzu tələb etdim. Ceyhun Canıyev mənə dedi ki, pulun bir qismini Mikayıl İsmayılova vermişəm, qalanı ilə də Cəbrayıl Cəbrayılovun İsveçrədə oxuyan uşağının təhsil haqqını ödəmişik. Doqquz ay sonra borclu olduğu pulun 250 min dollarını hissə-hissə versə də, 100 min dollar pul və ofşorda açılan şirkətə görə də 15 min dollar borclu qalıb və bu günə qədər borcumuzu qaytarmır. Canıyev Ceyhun Vaqif oğlu “Vita1000” meyvələri şirkətinin və “Modern Group” şirkətlər qrupunun payçısı olaraq Mikayıl İsmayılovu həmin şirkətlərdə təmsil edir. Bundan savayı Təhsil nazirliyi ilə üzbəüz “Luxen Plaza”da 35 faiz şərikliyi var».
Bunlar sıradan faktlar deyil. Göründüyü kimi, Mikayıl İsmayılov, Ceyhun Canıyev və Cəbrayıl Cəbrayılovun barəsində kifayət qədər ciddi ittihamlar var. Hesab edirik ki, aidiyyəti dövlət qurumları, habelə Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev cənabları bu faktları araşdırmalı və sözügedən şəxslərin barəsində mütləq ciddi ölçü götürülməlidir. Yazını daha tükürpədici faktlarla davam etdirəcəyik. Bizi izləyin. Qarşı tərəflərin də cavab haqqını tanıyırıq. (gundelik-baku.com)
İnterpress.az