Mercedes-Benz-in Yaponiya filialı olan “Mercedes-Benz Japan” müştərilərini aldatdığına görə 1,23 milyard yen (8,3 milyon dollar) məbləğində cərimələnib.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
Yaponiya hökumətinə bağlı İstehlakçı Məsələləri Agentliyi (CAA) cərimə kəsib. “Mercedes-Benz Japan” şirkəti “müştərilərini çaşdırdığı” üçün cərimələnib.
Agentliyin açıqlamasına görə, şirkətin avtomobil kataloqları GLA və GLB modellərinin müəyyən sürücülük yardım sistemləri ilə təchiz edildiyini göstərib.
Avadanlıqlara nəqliyyatın hərəkəti yenidən başlayanda dayandırılmış avtomobili avtomatik irəli aparan sistem və dönmə siqnalını işə salmaqla sürücüyə zolaq dəyişdirməyə imkan verən sistem daxil idi.
Yoxlamalar nəticəsində müəyyən edilib ki, bu sürücülük avadanlığı əslində müştərinin istəyindən asılıdır.
Agentlik, sözügedən vəziyyəti “müştəriləri çaşdırmaq” olaraq təyin etdiyini və “Mercedes-Benz Japan”ı 1,23 milyard yen (8,3 milyon dollar) məbləğində cərimələdiyini bildirdi.
Həmçinin şirkətə vəziyyətin təkrarlanmaması üçün tədbir görülməsi tapşırılıb.
Dövlət yayımı NHK-nın hesabatında qeyd edilib ki, bu cəza “yanıltıcı ifadələrə görə indiyədək tətbiq edilən ən yüksək cəza”dır.
“Mercedes-Benz Japan” şirkəti qanunlara uyğunluğun təmin edilməsi və idarəetmə sisteminin təkmilləşdirilməsi üçün çalışacağını açıqlayıb.