Novruz bayramı ilə əlaqədar qeyri-iş günlərində təcili tibbi yardım xidmətinə 15 mindən çox müraciət daxil olub.
Bu barədə TƏBİB-dən məlumat verilib.
Qeyd olunub ki, qeyri-iş günlərində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi gücləndirilmiş iş rejimində fəaliyyət göstərib.
Bildirilib ki, Bakı şəhəri üzrə təcili tibbi yardım xidmətinə 20-26 martda 15 763 çağırış daxil olub.
Təcili tibbi yardım xidmətinə müraciət edənlərdən 1 596 nəfər müxtəlif tibb müəssisələrinə hospitalizasiya olunub, digərlərinə isə yerində zəruri yardım göstərilib.
Daha çox 21, 22 və 23 martda müraciət qeydə alınıb. Belə ki, martın 21-də müraciət sayı 2 311, hospitalizasiya olunanların sayı 247, martın 22-də müraciət sayı 2 366, hospitalizasiya olunanların sayı 214, martın 23-də isə müraciət sayı 2 314, hospitalizasiya olunanların sayı isə 252 təşkil edib.
Çağırış səbəbləri, əsasən, arterial təzyiqin yüksəlməsi, müxtəlif travmalar, dispeptik əlamətlər, kardioloji və respirator xəstəliklər və s. ilə bağlı olub.