Altı il əvvəl İspaniyadan qaçan Puçdemont seçkilərdən sonra Kataloniyaya qayıdacağına söz verib.
İnterpress.az xəbər verir ki, bu barədə siyasətçi RAC1 radiostansiyasına müsahibəsində bildirib. Karles Puçdemont ölkəyə qayıtmağa hazırlaşır.
Kataloniya hökumətinin keçmiş rəhbəri Karles Puçdemont 2017-ci ildə qeyri-qanuni müstəqillik referendumundan sonra İspaniyadan qaçaıb. İndi isə o, mayın 12-nə təyin edilmiş regional parlament seçkilərindən sonra muxtariyyətə qayıdacağını bildirib.
Puçdemont daha əvvəl separatçı “Kataloniya naminə birlikdə” partiyasının namizədi kimi çıxış edəcəyini bildirmişdi.
“Mən qalib olub-olmamağımdan asılı olmayaraq, [gələcək regional liderin] namizədliyi ilə bağlı müzakirələr günü qayıdacağam”, – siyasətçi deyib.
O, həmçinin əlavə edib ki, özünü müxalifət lideri kimi görmür.
İspaniyada Kataloniyanın müstəqilliyi ilə bağlı referendumun təşkili ilə bağlı Puçdemonun həbsi üçün order var.
Bununla belə, krallığın parlamenti hazırda separatçı prosesdə iştirak edənlərə amnistiya haqqında qanun layihəsini nəzərdən keçirir.
Hazırda Avropa Parlamentinin üzvü olan siyasətçi İspaniyadan ayrılması ilə bağlı keçirilən plebissit zamanı region hökumətinə rəhbərlik edib. O, tezliklə Belçikaya qaçıb.
O vaxtdan bəri İber krallığının məhkəmə orqanları onun ekstradisiyası üçün uğursuz cəhdlər edib.
Xuraman Etibarlı
İnterpress.az