Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldıbackend

Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın Tavuş vilayətinin Kirants kəndində aksiyalara qoşulan hərbi qulluqçular cinayət məsuliyyətinə cəlb olunublar.

Interpress.az bildirir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.

Bildirilib ki, erməni zabit A.Ç. və gizir F.B. 12 sıravi müqaviləli hərbçiyə etirazların baş verdiyi əraziyə getmələrini tapşırıb. Hərbi qulluqçular əraziyə çatdıqdan sonra onlara təhkim olunmuş silahları yerə qoyublar, yəni hərbi xidmət vəzifələrini yerinə yetirməkdən imtina etdiklərini bildiriblər.

“Həmin vaxt onlar, əslində, xidməti dayandıraraq nümayişçilərə qoşulublar”, – deyə məlumatda vurğulanıb.

Qeyd olunur ki, cinayət işi üzrə istintaq qrupu yaradılıb, əldə olunan faktların hərtərəfli araşdırılması üçün zəruri əməliyyat-istintaq və digər inzibati tədbirlər həyata keçirilir.

Ermənistan İstintaq Komitəsi həmçinin hərbçilərin əməllərindən peşman olduqlarını və vəziyyəti siyasiləşdirməməyi xahiş etdikləri barədə video yayımlayıb.

11:18

Ermənistan Müdafiə Nazirliyi Tavuş vilayətində keçirilən etiraz aksiyalarına müqaviləli hərbi qulluqçuların qoşulması barədə məlumatın yayılmasından sonra tədbirlər görməyə başlayıb.

Bu barədə Ermənistanın hərbi qurumundan xəbər verilib.

“İnternetdə hərbi geyimli insanların Kirantsda siyasi mitinqə qatıldığı video yayılıb. Ermənistan Müdafiə Nazirliyinin hərbi polisi hərbi geyimli şəxslərin şəxsiyyətinin müəyyən edilməsi və yayılan məlumatların qiymətləndirilməsi üçün tədbirlər görür”, – deyə məlumatda bildirilib.

Eyni zamanda, Müdafiə Nazirliyi xəbərdarlıq edib ki, silahlı qüvvələrin siyasi proseslərə cəlb edilməsinə yönəlmiş istənilən cəhdə mütənasib hüquqi qiymət veriləcək.