Şotlandiyanın Fələstin tərəfdarı olan birinci naziri istefa verməyi planlaşdırır.
İnterpress.az xəbər verir ki, bu barədə Britaniyanın “The Times” qəzeti məlumat yayıb. Bildirilir ki, Şotlandiya naziri və Şotlandiya Milli Partiyasının lideri Həmzə Yusuf bu gün istefa verə bilər.
Qeyd olunur ki, adıçəkilən partiya Yaşıllar Partiyası ilə koalisiyanı tərk edərək yerli parlamentdə çoxluğunu itirib.
Beləliklə, Yusif Şotlandiya parlamentində qarşıdan gələn etimadsızlıq səsverməsindən “sağ çıxa bilməyəcəyinə” qərar verib.
38 yaşlı Yusif pakistanlı mühacirlərin oğludur və 2023-cü ilin mart ayının sonunda Şotlandiyanın birinci naziri seçilib.
O, Fələstin tərəfdarı mövqeyi ilə tanınır. Yusifin qayınatası və qayınanası (mənşəcə fələstinlidir) qohumlarını ziyarətə getdikləri Qəzza zolağından çıxa bilmirlər.
Xuraman Etibarlı
İnterpress.az