Azərbaycan və Ermənistan arasında gözlənilən danışıqlar yalnız tərəflər arasında aparılacaq, Astananın vasitəçiliyindən söhbət getmir.
İnterpress.az “Sputnik-Kazaxstan”a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Aybek Smadiyarov bildirib.
“Həqiqətən də Almatıda belə danışıqlar planlaşdırılır. Azərbaycan və Ermənistandakı həmkarlarımızla əlaqə saxlayırıq. Qarşıdakı danışıqlar yalnız tərəflər arasında aparılacaq. Astananın vasitəçiliyindən söhbət getmir. Biz yalnız “good office”, yəni xoşməramlı xidmətlər təqdim edirik”, – o vurğulayıb.
Onun sözlərinə görə, Qazaxıstan XİN məsələ ilə bağlı daha ətraflı məlumat verəcək. Danışıqların tarixi hələlik məlum deyil.
“Əgər tərəflər sülh əldə edərsə və bununla bağlı müvafiq razılaşma əldə olunarsa, bu, təkcə Qazaxıstana deyil, bütün regiona müsbət təsir göstərəcək”, – A.Smadiyarov qeyd edib.